Ağızda Əriyən Ətirli Peçenye Vitraj

Zərif, ağızda əriyən və görünüşü vitraj şüşələrini (ornametli dekorativ kompozisiya) xatırladan ləzzətli peçenye. Evdar.az ətirli Vitraj peçenyesinin reseptini təqdim edir. Tərkibi:
  • 320 qr un
  • 1/2 çay qaşığı qabartma tozu
  • 150 qr kərə yağı və ya marqarin
  • 110 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • 1 çimdik duz
  • 25-30 qr darçın
Hazırlanma qaydası: İlk öncə un və qabartma tozunu ələyin. Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını, yumurta və 1 çimdik duzu mikserlə yaxşıca çırpın. Üzərinə ələnmiş un və qabartma tozu əlavə edib tez xəmir yoğurun. Xəmiri çox yoğurmağa ehtiyac yoxdur, çünki xəmir əllərinizin istisindən isinərsə yağ digər məhsullardan ayrıla bilər. Əgər xəmir çox yumşaq alınarsa streç salafana büküb yarım saatlıq soyuducuya yerləşdirə bilərsiniz. Yoğurduğunuz xəmiri 2 bərabər hissəyə bölün. Bir hissəsini streç salafana büküb kənara qoyun. Digər hissəsini 1 i böyük olmaqla 5 yerə bölün. Bu 5 kiçik hissələri ayrı-ayrlıqda 20 sm uzunluğunda kolbasa formasında yayın. Dəzgahın üzərinə darçın səpin və kolbasa formasında xəmirləri darçına bulayın. Böyük xəmiri də düzbucaqlı şəkildə 20 x 14 ölçüdə yayın. Kiçik xəmirləri düzbucaqlı xəmirin üzərinə üst-üstə düzün. Düzbucaqlı xəmiri kiçik xəmirlərin üzərindən bükərək rulet şəklində bükün. Dəzgahın üzərinə darçın səpib rulet şəklində hazırladığınız xəmiri darçına hərtərəfli bulayın. Streç salafana möhkəm büküb yarım saatlıq soyuducuya yerləşdirin. 15 dəqiqə sonra yenidən götürüb yuvarlayın ki, qoyulduğu tərəf düz olmasın. Digər xəmiri də bu qaydayla hazırlayıb soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz xəmiri streç salafandan ayırıb hündürlüyü 8-9 mm olan dairələr kəsin. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 12-17 dəqiqə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)