Azərbaycanın Ənənəvi Təamı-Umac Halvası

Yields: 1 Serving

Halva yas mərasimlərində, ehsan süfrələrində və ya istənilən vaxt hazırlayıb yeyə biləcəyiniz bir şirniyyat növüdür. Bir çox növü olan halvanın ən ləzzətli növü umacla hazırlanandır. Evdar.az Azərbaycan mətbəxinin ən çox sevilən şirniyyatı halvanın reseptini təqdim edir.

Tərkibi:

  • 4 stəkan un
  • 1 stəkan su
  • 1 çimdik duz

Şərbət üçün:

  • 2 stəkan şəkər tozu
  • 1 xörək qaşığı sarıkök
  • 1 stəkan su

Bişirmək üçün:

  • 400 qr əridilmiş kərə yağı

Hazırlanma qaydası:

İlk öncə un və duzu bir qabın içərisinə ələyib üzərinə yavaş-yavaş su səpin. Əlinizlə umac halına gələnədək qarışdırın. Umacı aşsüzəndən keçirib xırdalayın. Daha sonra ələkdən keçirin ki, umac halına gəlməmiş un kütləsi tökülsün. Hazırladığınız umacı təmiz dəsmalın üzərinə sərib, 30 dəqiqə ərzində qurumağını gözləyin. Bu müddət ərzində şərbət hazırlayın. Şəkər tozu, su və sarıkökü qarışdırıb 5 dəqiqə qaynadın. Şərbəti soyuması üçün kənara qoyun. Tavaya yağı töküb, bir neçə dəqiqə isidin və üzərinə umacı əlavə edib dayanmadan taxta qaşıqla qarışdırın. Kütlə qatılaşıb tündləşdikdə aramla şərbəti də tökün və 5 dəqiqə də qarışdırıb ocaqdan götürün. Halvaya zövgə görə xırda doğranmış qoz ləpəsi də səpə bilərsiniz. Umac halvası əsasən isti halda, çayla süfrəyə verilir. Həmçinin lavaşın arasına da qoyub süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

1 Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir