İnanılmaz Dadlı Çiyələkli Fransız Tortu Frezye (Fraisier)

Yields: 1 Serving

Zərif bir biskvit, dondurmaya bənzəyən bir krem, çiyələk və hamısı birlikdə – Fransız tort ustalarından möhtəşəm bir Frezye (Fraisier) tortu. Tortun kənarlarındaki çiyələklər bu torta inanılmaz dərəcədə iştahaçan bir görünüş verir. Evdar.az dadlı çiyələkli Fransız tortunun reseptini təqdim edir.

Fransız Tortu Frezyenin tərkibi:

Biskvitli korj üçün:

  • 3 ədəd yumurta
  • 100 qr şəkər tou
  • 50 qr un
  • 25 qr qarğıdalı nişastası
  • 1 çay qaşığı qabartma tozu
  • 10 qr vanil

Kremli içlik üçün:

  • 400 ml süd
  • 200 qr şəkər tozu
  • 3 ədəd yumurta
  • 60 qr qarğıdalı nişastası
  • 200 qr kərə yağı
  • 15 qr jelatin
  • 50 ml soyuq su
  • 10 qr vanil
  • 800 qr çiyələk

Fransız Tortu Frezyenin hazırlanma qaydası:

Biskvitli korju hazırlamaq üçün ilk öncə yumurtaların ağını sarısından ayırın. Yumurta ağlarını mikserlə yaxşıca çırpın. Çırpmağı dayandırmadan şəkər tozunun yarısını az-az əlavə edib çırpın. Bir qabda ələnmiş unu nişasta və qabartma tozuyla qarışdırın. Yumurta sarılarını da şəkər tozunun qalan yarısıyla və vanillə yaxşıca çırpın. Yumurta sarısına hissə-hissə unlu qarışığı və çırpılmış yumurta ağını əlavə edib taxta qaşıqla və ya spatulayla ehtiyyatla qarışdırın.

Yağlı kağızın üzərinə şablon olaraq 22 santimetrlik bir qabdan istifadə edərək dairə çəkin. Xəmirin yarısını çəkilmiş dairənin kənarlarından yüngül kənara çıxaraq üzərinə yayın və hamarlaşdırın. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 12-14 dəqiqə bişirin.Qalan xəmiri də bu qaydayla bişirin. Soyuyan korjları 22 sm diametrli qəlibdən istifadə edərək bu ölçüdə kəsin.

Kremli içlik

Kremli içliyi hazırlamaq üçün bir qazanda südü şəkər tozunun yarısıyla qarışdırıb ocağa qoyub qaynadın. Bir qabda yumurtanı qalan şəkər tozuyla və vanillə qarışdırın. Üzərinə nişastanı da əlavə edib yaxşıca qarışdırın. Qaynar südü az-az yumurtalı kütləyə əlavə edib dayanmdan tel çırpıcıyla qarışdırın. Kütləni südün qazanına töküb zəif ocaqda qarışdıraraq qatılaşanadək qaynadın. Qatlaşdıqdan sonra ocaqdan götürüb isti kremə kərə yağının yarısını töküb mikserlə yaxşıca çırpın. Kremi kənara qoyub yaxşıca soyudun.

Bir qabda jelatinin üzərinə soyuq su əlavə edib qarışdırın və 15 dəqiqəlik kənara qoyun. Soyuyan kremə qalan yumşaq kərə yağını da əlavə edib mikserlə ağ və həcmli olana qədər yaxşıca çırpın. Jelatini ocaqda və ya mikrodalğalı sobada qızdırın (qaynatmayın!) və kremə əlavə edib mikserlə çırpın.

Diametri 22 sm olan tənzimlənən qəlibin kənar hissəsinə streç salafan sərin. Korjun birini qəlibə yerləşdirin. Eyni ölçülü bir neçə çiyələyin yarısını kəsin və qəlibin ətrafı boyunca yerləşdirin, qəlibin divarların kəsilmiş hissəsi düşməlidir. Tortun səthinə kremin təxminən üçdə birini yayın. Bütöv çiyələkləri üstünə bərabər şəkildə düzün. Çiyələklərin üzərindən kremi yayın. İkinci korju da yerləşdirib kremləyin. Daha sonra tortun üzərinə streç salafan keçirib 8-10 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz tortu streç salafandan çıxarıb üzərini çiyələklə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir