Nizami Yurdunun Gəncə Paxlavası

Yields: 1 Serving

Respublikamızın müxtəlif şəhər və rayonlarında adətən Novruz bayramı ərəfəsində, nişan və toy məclislərində Gəncə paxlavası hazırlanır. Bu şirniyyat digər bölgələrdə bişirilən paxlavalardan öz ölçüsünə və ona əlavə edilən ədviyyatına görə fərqlənir. Gəncə paxlavası adətən mis məcməyidə, köz üzərində bişirilir və bir qədər böyük ölçüdə romb şəkilində kəsilir. Evdar.az  Nizami yurdunun paxlavasının reseptini təqdim edir.

Tərkibi:

Xəmir üçün:

  • 2 ədəd yumurta
  • 1 kq un
  • 1 stəkan gülab
  • 2 stəkan süd
  • 50 qr ərinmiş kərə yağı

Ara qatlarına yaxmaq üçün :

  • 400 qr ərinmiş kərə yağı

İçlik üçün:

  • 1,5 kq təmizlənmiş qoz ləpəsi
  • 1 kq şəkər tozu
  • 1 çay qaşığı hil

Şərbəti üçün:

  • 1 litr gülab
  • 500 qr şəkər tozu
  • 1 ədəd limon

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün təmizlənmiş qozu qozçəkəndən keçirin və üzərinə şəkər tozu, hil töküb qarışdırın. İçliyi 6 bərabər hissəyə bölün.

Xəmiri hazırlamaq üçün unu bir qaba ələyin. Ələnmiş unun orta hissəsindən yuva açın və çəngəllə çırpılmış yumurtanı əlavə edin. Az-az südü və gülabı əlavə edərək xəmir yoğurun. Xəmir ələ yapışmayan və yumşaq olmalıdır. Ən sonda kərə yağı əlavə edib xəmiri yaxşıca yoğurun. Xəmiri 11 bərabər kündələrə ayırın və üzərinə salafan keçirib dəsmalla örtün.

Şərbəti hazırlamaq üçün bir qaba 700 ml gülab və şəkər tozu töküb qaynadın. Qabığı soyulmuş və dilimlənmiş limonu hazır siropun içərisinə əlavə edin. Dairəvi məcməyi götürün və kərə yağıyla yağlayın. İlk kündəni yayın, yağlanmış məcməyiyə yerləşdirin və ərinmiş kərə yağıyla (təxminən hər qat üçün 2 xörək qaşığı) yağlayın. 2 ci qatı da eyni qayda ilə yayın və üzərinə içliyi tökün. Qalan kündələri ilə eyni qaydayla yayın və 2 qatdan bir içliyi tökün. Ən son 2 qatı sadəcə yayın və üst-üstə qoyun. Üzərinə paxlava forması verib dərin xətlər kəsin.

Əvvəlcədən dəmlənmiş zəfəranı paxlava boyasıyla qarışdırın və paxlavanın üzərinə 2 qat yaxın. Paxlava dilimlərini təmizlənmiş qozla və ya badamla bəzəyin. Daha sonra məcməyi kömürdən hazırlanmış közün üstünə qoyun və qapaq örtün. Üstünə od tökülür ki, üz hissəsi də bişsin. Üst və alt qat bişib qızarırsa, əridilmiş kərə yağı tökün. Paxlavanın alt hissəsi bişdikdə qapağını açıb şərbət gəzdirib paxlavanın üstü bişməsi üçün qoyun.

Hazırladığınız paxlavanı əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada da bişirə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir