Vitaminli Maş Lobya Şorbası

Qeyri-adi dadı ilə maş lobya şorbası Ordubad şəhərinin ən məşhur yeməklərindəndir. Evdar.az lif və zülallarla zəngin, tərkibində B qrupu vitaminlər olan maş lobyadan hazırlanan şorbanın reseptini təqdim edir. Tərkibi:
  • 500 qr qoyun və ya mal əti (sümüklü və ya sümüksüz)
  • 1 stəkan maş lobya
  • 2 xörək qaşığı ərinmiş kərə yağı
  • 1 ədəd soğan
  • 2 xörək qaşığı tomat
  • 8 stəkan su
  • 4 ədəd kartof
  • 4 ədəd gavalı qurusu
  • 1 xörək qaşığı nanə qurusu
  • duz, istiot
Hazırlanma qaydası: Gecədən maş lobyanı soyuq suda isladın. İsladılmış lobyanı süzün və su dolu qazanda 15 dəqiqə qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir. Maş lobyanı süzün və yuyub kənara qoyun. Bir qazanda kərə yağını isidin. Əti qazana əlavə edib yağda təxminən 15 dəqiqə arabir qarışdıraraq qızardın. Xırda doğranmış soğanı da qazana əlavə edib 5 dəqiqə və yaxud soğan yumuşalana qədər bişirin. Tomat da əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot vurun. Süzdüyünüz maş lobyanı əlavə edib üstünə 8 stəkan su töküb qaynadın. Qazanın qapağını örtüb zəif odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər bişirin. Kartof, gavalı qurusu və quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin. Bu şorba nə çox duru, nə də çox qatı olmalıdır. Üzərinə nanə qurusu da səbi isti-isti süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)