Maraqlı Xəbərlər

“Əri Vəhabi İdi, Dırnaqlarına Boya Çəkməyə Qoymurdu ki, Sənə Kişilər Baxar” – Bakıda İntihar Edən Gənc Qadının Anası

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonunda yaşayan, 1990-cı il 26 may təvəllüdlü Nəbizadə Turan Məmmədəli qızı 22 avqust 2021-ci il tarixində yaşadığı binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Ata-anası Rusiya Federasiyasında yaşayan Turanın valideynləri cəsədi morqdan götürəndə, 10 illik ailədən heç kim morqa gəlməyib və dəfndə iştirak etməyib. Turanın uzun müddət ailədaxili psixi zorakılığa məruz qaldığı deyilir.
Qeyd də edək ki, Turan Nəbizadənin qayınatası alim, Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyevdir. O, uzun müddət yüksək vəzifələrdə çalışıb, hətta bir müddət Dövlət Əmək Müfəttişliyinin rəhbərlikdə təmsil olunub.

Evdar.az cebhe.info-ya istinadən xəbər verir ki, Rauf Tağıyev sayta açıqlamasında deyib ki, Turanın evlənmədən öncə də psixoloji problemləri olub, hətta ruhi dispanserdə də uzun illər müalicə alıb. O, gəlinini ruhi xəstə adlandırıb.

Məsələyə aydınlıq gətirmək üçün cebhe.info-nun əməkdaşı mərhumun anası Yeganə Aslanova ilə əlaqə yaradıb.

Yeganə Aslanova saytımıza açıqlamasında bildirib ki, qızında heç bir problem olmayıb, onu intihar həddinə qayınatası Rauf Tağıyev, qayınanası Nailə Tağıyeva və həyat yoldaşı Şahin Tağıyev çatdırıb:

“Rauf yalan danışır. Öldürən adam hər şey deyər, sabah hələ başqa şey də deyəcək. Mən balamın evinə qonaq gələndə də orada Rauf müəllimdən, onun yoldaşı Nailədən təzyiqlər gördüm. Mənim balamı da aşağıladılar. Dedilər, sən savadsızsan, sən pulla oxumusan. Allah şahiddir ki, mənim övladım öz biliyinə oxuyub, Rusiya o şaxtalı havalarda ağıllı-başlı dərsinə gedib-gəlib. Bu adamın 4 diplomu var. Necə ola bilər ki, ruhi dispanserdə yatsın? Gül kimi bala vermişdim onlara.

Mənim övladımı psixoloji cəhətdən pis duruma salan qayınatası Rauf, qayınanası Nailə və yoldaşı Şahindir. Mən onların evinə gedəndə, gözümün qabağında qızımı Nailə ilə Raufun bir tək döymədikləri qaldı. Ona yalnız Şahin tərəf dururdu, onu da öyrətdilər. Nailə mənə dedi ki, iki ildir Şahin sənin qızının idi, indi sevinirəm, çünki mənimdir, istədiyimə nail oldum. Mənim qızıma deyib ki, mən Nailə deyiləm, əgər səni bu evdə arvad eləsəm, qoymayacağam ki, sən bu evdə arvad olasan. Əvvəl pişim-pişim etdilər. Qızım ərə gedəndən sonra yoldaşımı o evdən pis sözlərlə qovdular. Onlarda tərbiyə, namus, qeyrət – heç nə yoxdur”.

Həmsöhbətimiz qarşı tərəflər bağlı bir sıra iddialar da səsləndirib:

“Həyat yoldaşı Şahin Tağıyev vahabi olub və Turanı Suriyaya aparmaq istəyib. Nailə isə milliyyətcə ermənidir. Nailənin anası Gilə xanım ermənidir. Mənim yoldaşım qazidir, Qarabağda vuruşub. Nailə də erməni olduğu üçün mənim yoldaşıma pis baxırdı. Deyirdi ki, kişisənsə, erməniləri vurma, get, Suriyada döyüş. Bu düzgündür? Ona görə də həmişə mənim qızıma qarşı çıxdı. Özü ateist idi, deyirdi ki, gəlin başını örtməməlidir. Dedim ki, sən başa düş, sənin oğlun molladır, bu qızla evlənir, başı örtülməlidir.

Necə qarşı dura bilərik? Çox əfsuslar olsun, mən sonradan anladım ki, qızımın yoldaşı Şahin vahabidir. Sumqayıtda bir kampaniya vardı, Suriyaya pul göndərirdi. Şahin onlara qoşulmuşdu. Özünün də ürəyindən keçirmiş ki, arvadını da götürüb gedib Suriyada döyüşsün. Mən qızıma dedim ki, sən oxumuş adamsan, bu yoldan qayıt. Allaha səcdə elə, namazını qıl, amma başqa şeylər lazım deyil”.

Y.Aslonovanın sözlərinə görə, Turanı sağlam olduğu halda ərinin ailəsi ruhi dispanserə qoymaq istəyib:

“Övladının 3 yaşı olanda mənim uşağımı xəstə elədilər. Hələ bizdən icazəsiz Maştağadan təcili tibbi yardım çağırıblar. İstəyiblər ki, ora göndərsinlər. Deyiblər, qızın nə atası, nə anası var, götürün, aparın, dəlidir. Niyə o həkimlər qızımı aparmadı? Çünki mənim uşağımda problem yox idi. Mənim uşağımı qorxudan bu həddə çatdırdılar. Həkimlər də deyib ki, bunun ailəsinin telefonunu verin.

Sonra digər qızımı həkimlər tapıb deyiblər ki, sənin bacını bunlar dəlixanaya salmaq istəyirlər. Bu dəlidirsə, niyə evi yandırmadı? Niyə kiməsə xəsarət yetirmədi? Niyə özünü doğramadı? Niyə balasına nəsə eləmədi? Balalarını qoruyurdu ki, heç kim onlara nəsə edə bilməz. Bilirsiniz, balalarını qorumaqdan niyə qorxurdu? Çünki Nailə onu o həddə çatdırmışdı. Sabunçuda psixatriya xəstəxanası var, orada Əsmayə həkim onu müalicə etmişdi. O, uşağımın halını görəndən sonra dedi, yoldaşını da çağırın. Şahinə dedi ki, sən bu qızı niyə bu həddə çatdırmısan?”

Mərhumun anası deyib ki, həyat yoldaşı Şahin qızını hər şeydən məhrum edib, hətta çölə çıxmağa da qoymayıb:

“Qapı, pəncərələr bağlı, ancaq Quran, dua oxumalısan. Heç yerə getmək olmaz, televizora baxmaq olmaz, ancaq evdə oturmalısan. Dırnaqlarına boya çəkməyə də qoymurdu ki, sənə kişilər baxar. Bu, nə deməkdir? Çox adam başına hicab örtür. Niyə 21 yaşında balama “meşok” geyindirdi? Nailənin, Raufun, Şahinin üzünə baxın, görün, xəstə kimdir. İndi məlum deyil ki, mənim uşağım özü-özünü atıb, yoxsa Rauf, Nailə, Şahin əlbirliyi ilə qızımı öldürüb tullayıblar. Mənim uşağım 6-cı mərtəbədən düşənə bənzəmir. Hansı ata-ana istəməz ki, balasını bəladan xilas etsin? Mənim qızım uşaqlarına görə orada oturdu. Şahin iki nəvəmlə qızımı qorxutdu ki, sən bu evdən çıxsan, səni iki balana həsrət qoyacağam, verməyəcəyəm. Əməyimi onlara halal eləmirəm. Balamın ailəsini dağıtmamaq üçün ora getmədim”.

Yeganə Aslanova deyir ki, nəvəsini də qızının taleyi gözləyir:

“Mən bu işi bu yerdə qoymayacağam. Nəvəmin 9 yaşı var. O qızı da Turanın aqibəti gözləyir. Nəvəmin başına hicab keçirib Suriyaya göndərəcəklər, ya da dədəsi yaşında kişiyə verəcəklər. Nəvəm mənə dedi ki, Nailə nənəm deyir ki, nənən xəstədir, anana keçib, sənə də keçə bilər. Bunu hansı nənə deyər? Şahinə yazdım ki, anana de, belə etməsin, ayıbdır, məni bloka atdı. Qızıma yalvarırdım ki, balam, ona ərə getmə, dedi ki, gedəcəyəm. Özünü də bu günə qoydu. Haqq-ədalət ortaya çıxsın, üçü də həbs olunsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir