Maraqlı Xəbərlər

Baş Reanimatoloq: “COVID-19 Xəstələrinin Hamısı Reanimasiyaya Yerləşdirilmir”

“İntensiv terapiya şöbələri xəstəxananın digər şöbələrində ağır xəstələrin müalicəsi və hərtərəfli müşahidəsini təmin etmək üçün yaradılmış ixtisaslaşdırılmış şöbələrdir və bu şöbələr mürəkkəb müşahidə avadanlığı ilə təchiz olunub”.

Evdar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş reanimatoloqu İsrail Məhərrəmbəyli COVID-19-a yoluxma zamanı kimlərin reanimasiyaya yerləşdirildiyi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, insanlarda bununla bağlı qorxu var: “Çox insan düşünür ki, süni tənəffüs aparatına qoşulduqları zaman bu artıq sondur.

Süni tənəffüs yüngül xəstələrə ağzına maska taxmaqla, ağır xəstələrə isə birbaşa ağciyərinə hava balonunun yerləşdirilməsi ilə qoşulur. Bu cihazlar vasitəsilə xəstələr 100 faiz oksigenlə təmin oluna bilirlər.

Koronavirusa yoluxmuş xəstələrin hamısı reanimasiya şöbəsinə yerləşdirilmir. Birbaşa tənəffüs yollarına təsir göstərən xəstəlik olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin əksəriyyəti tənəffüs sistemində problem olanlardır.

COVID-19 virusunun nəinki bizim ölkədə, eyni zamanda bütün dünyada hansı formada, intensivlikdə inkişaf edəcəyi barədə dəqiq məlumat yoxdur. Nədən qaynaqlanır, patogenetik istiqaməti necədir, müalicə prinsipi hansılardır, bu suallar üçün statistik dəqiq bir mənbə hələ də yoxdur.

Təbii ki, insanlar yoluxduğu zaman onlarda virusa xas əlamətlər üzə çıxır. Orqanizmin immun sistemi bu xəstəlikdə çox böyük rola malikdir. Zəif immun sisteminə malik orqanizmdə, əlbəttə ki, virusun inkişafı da olduqca sürətli baş verir.

Statistik təhlillər də göstərir ki, xəstəxanalara daxil olan xəstələrin əksəriyyəti gecikmiş halda müraciət edənlərdir. Günlərlə evdə müalicə alan, “soyuqdəymədir” deyib gözləyən və doğru mütəxəssis tərəfindən düzgün müalicə olunmayan xəstələr artıq gecikmiş halda xəstəxanalara müraciət edirlər.

Ən çox da evdə müalicə zamanı edilən yanlış odur ki, müəyyən analizlər, qan dəyərləri yoxlanılmadan ümumiləşdirilmiş müalicələr edilir. Ağırlaşan xəstələrin qəbul şöbəsində vəziyyətləri dəyərləndirilir və artıq həkim tərəfindən xəstənin palata şəraitində və yaxud reanimasiya şöbəsinə aparılacağı müəyyən edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir