Azərbaycan Mətbəxinin Şahı Daşarası Kabab

Qəbələ mətbəxinin şahı, qaya daşlarının arasında hazırlanan Daşarası kababı 200 ildən çox tarixə malikdir. Qaya daşlarının arasında xüsusi üsulla bişirilən kababın bütün dadı-tamı yeməkdə qalır. Evdar.az  Azərbaycanın gözəl guşələrindən olan Qəbələ bölgəsinin şah yeməyi Daşarası kababının reseptini təqdim edir. Tərkibi:
  • 1 kq quzu əti və ya toyuq
  • 2 ədəd badımcan
  • 1 ədəd acı bibər
  • 2 ədəd kartof
  • 150 qr quyruq
  • təndir çörəyi və ya lavaş
  • 1 ədəd soğanın suyu
  • 20 qr çayotu, kəklikotu
  • zövqə görə duz, istiot
Hazırlanma qaydası: İlk öncə toyuğu tabaka kimi döyün, quzu ətini isə tikələrə bölün. Tərəvəz­ləri halqavari doğrayın. 1 ədəd soğanın suyunu ətə sıxın, ədviyyat vurun. Daha sonra ətləri isti daşın üzərinə düzün. Duz və istiot səpin. Təndir çörəyi və ya lavaşı iki yerə bölün , bişən ətlərin üstündən çörəkləri düzün ki, ətlərin yağı çörəyə hopsun. Digər daşı ətlərin, tərəvəzlərin üzərinə qoyun. 5 dəqiqə sonra ərzaqları çevirin. Daşarası kabab 15 dəqiqəyə hazır olur. Qeyd: Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 10-15 dəqiqə sərf olunur. Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanır.
Nuş Olsun!
Servings: 1 yield(s)