Çayın Yanına Dadlı Portağallı Peçenye

Çay və qəhvənin yanına yaraşan dadlı portağallı peçenye hazırlaya bilərsiniz. Evdar.az portağallı peçenyenin reseptini təqdim edir.

Portağallı Peçenyenin tərkibi:

Xəmiri üçün:

  • 50 qr kərə yağı
  • 80 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • 3 xörək qaşığı xama
  • 3 xörək qaşığı bitki yağı
  • çimdik duz
  • 1 çay qaşığı qabartma tozu
  • 300 qr un

İçlik üçün:

  • 1 ədəd orta ölçülü portağal
  • 130 qr şəkər tozu
  • 15 qr qarğıdalı nişastası

Portağallı Peçenyenin hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağınının üzərinə şəkər tozu töküb mikserlə yaxşıca çırpın. Üzərinə yumurta, xama, bitki yağı və duz əlavə edib qarışdırmağa davam edin. Un və qabartma tozunu ələyib hissə-hissə əlavə edib xəmir yoğurun. Yoğurduğunuz xəmiri streç salafana büküb 30-40 dəqiqəlik soyuducuya yerləşdirin.
İçliyi hazırlamaq üçün portağal dilimlərini qabığı ilə, lakin tumsuz, şəkər tozu və nişasta ilə birlikdə mətbəx robotunda püre halına gətirin.
Xəmiri 2 hissəyə bölün. Hər birini 3-4 mm qalınlığında düzbucaqlı formada yayın. Portağallı içliyi xəmirin üzərinə yayın və rulet kimi bükün. Ruleti 3-4 sm enində dilimlər kəsin. Bu qaydayla qalan xəmirə də içlik yayıb bükün və dilimləyin. Əvvəlcədən 180  dərəcə qızdırılmış sobada 15-20 dəqiqə qızılı rəng alana qədər bişirin. Hazır peçenyeləri çay və ya qəhvəylə süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)