Corat Qutabı Yemək Üçün Corata Getməyin! Ev Şəraitində Corat Qutabı

Azərbaycan mətbəxinin ən çox sevilən təamlarından biri də Qutabdır. "Corat qutabı"Bakı  ilə Sumqayıt arasında dəniz sahilində yerləşən Corat qəsəbəsinin ən məşhur yeməklərindəndir. Dəvə ətiylə doldurulmuş aypara şəklində olan qutabı yemək üçün insanlar xüsusi olaraq Xəzər dənizinin sahilində yerləşən Corat kəndinə səfər edirlər. Hər kəsin sevimlisi olan bu qutabı ev şəraitində hazırlayıb unudulmaz dadından zövq ala bilərsiniz. Evdar.az corat qutabının 3 içliklə hazırlanan reseptini təqdim edir.

Ev Şəraitində Corat Qutabının tərkibi:

Xəmiri üçün:

  • 833 qr un
  • 300 qr su
  • 17 qr duz

Ətli içlik üçün:

  • 200 qr yumşaq mal əti
  • 400 qr qoyun əti (kürək hissəsi)
  • 150 qr qoyun piyi
  • 250 qr soğan
  • 1 qr zirinc
  • 5 qr duz
  • 2 qr istiot

Pendirli içlik üçün:

  • 250 qr çanaq pendiri
  • 100 qr kəsmik

Göyərtili içlik üçün:

  • 250 qr ispanaq
  • 165 qr turşəng
  • 165 qr göy soğan
  • 200 qr keşniş
  • 200 qr şüyüd
  • 5 qr kərə yağı
  • 10 qr duz

Ev Şəraitində Corat Qutabının hazırlanma qaydası:

Xəmirini hazırlamaq üçün bir qabda un, su və duzu qarışdırıb xəmir yoğurun. Xəmirin üzərini örtüb yarım saatlıq kənara qoyun. Daha sonra xəmirdən hər biri 20 qr olan kündələr hazırlayın. Ətli içliyi hazırlamaq üçün mal əti, qoyun əti və qoyun piyini doğrayıb ətçəkən maşından keçirin. Soğanı da ayrıca çəkib qiyməyə əlavə edin. Qiyməyə duz və istiot əlavə edib qarışdırın. Xəmir kündələrini əl ölçüsündə yayıb yarı hissəsinə qiymədən yayın. Zirinci isti suda isladıb qiymənin üzərinə səpin. Qutabın kənarlarını büküb soba sinisinə yerləşdirin (qutabları soba sinisinə yağ əlavə etmədən bişirin). Qutabların üzərini az suyla isladın. Əvvəlcədən qızdırılmış sobada və ya odun sobasında üzərindəki nazik qat qızarana qədər bişirin. Pendirli içliyi hazırlamaq üçün çanaq pendirini sürtgəcdən keçirin. Kəsmiyi isə ələkdən keçirib sürtgəcdən keçirilmiş pendirlə qarışdırın. Xəmir kündələrini əl ölçüsündə yayıb yarı hissəsinə pendirli içlikdən yayın. Qutabın kənarlarını büküb soba sinisinə yerləşdirin (qutabları soba sinisinə yağ əlavə etmədən bişirin). Qutabların üzərini az suyla isladın. Əvvəlcədən qızdırılmış sobada və ya odun sobasında üzərindəki nazik qat qızarana qədər bişirin. Göyərtili içliyi hazırlamaq üçün göyərtiləri yaxşıca yuyub süzün. Suyu çəkilmiş göyərtiləri xırda doğrayıb duz səpib qarışdırın. Xəmir kündələrini əl ölçüsündə yayıb yarı hissəsinə göyərtili içliyi yayıb bir dilim kərə yağı qoyun. Qutabın kənarlarını büküb soba sinisinə yerləşdirin (qutabları soba sinisinə yağ əlavə etmədən bişirin).Qutabların üzərini az suyla isladın. Əvvəlcədən qızdırılmış sobada və ya odun sobasında üzərindəki nazik qat qızarana qədər bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)