Çox Sadə və Dadlı Yemək- Gedlibje

Gedlibje- Balkan mətbəxinin çox dadlı və ətirli yeməyidir. Evdar.az dadlı yeməyin reseptini təqdim edir.

Tərkibi:

  • 5-6 ədəd toyuq budu (və ya bud dibi, qanad,döş əti)
  • 1 çay qaşığı duz
  • 2-3 çimdik istiot
  • 2 xörək qaşığı duru yağ

Xamalı sousu üçün:

  • 1 ədəd böyük ölçülü soğan
  • 3 diş sarımsaq
  • 1 xörək qaşığı un
  • 1 çimdik paprika
  • yarım çay qaşığı duz
  • 1 stəkan su
  • 4 xörək qaşığı 20% yağlılığı xama

Hazırlanma qaydası:

İlk öncə soğanı yarım halqa formasında doğrayın. Sarımsağı da xırda doğrayın. Toyuq budlarını yuyub suyunu süzün. Budların hər tərəfinə duz, istiot səpin. Tavaya yağ əlavə edib toyuq budlarını orta odda qapağı örtülü şəkildə bişirin. Toyuq öz şirəsində yaxşıca bişirilməlidir, ona görə də qapağı açmayın ki, şirəsi buxarlanmasın! Toyuq qızarmağa başlayan kimi qapağı açın və budları bişirmə prosesində ayrılan toyuqun öz yağında qızılı rəng olana qədər iki tərəfli qızardın. Qızardılmış toyuq budlarını başqa bir qaba qoyun. Toyuğun qızardıldığı tavaya doğranmış soğan və sarımsağı töküb orta istilikdə toyuq yağında qovurun. Kifayət qədər yağ yoxdursa, bir dilim kərə yağı və ya 1 xörək qaşığı duru yağ əlavə edə bilərsiniz. 5 dəqiqə qızaran soğana bir çimdik paprika və 1 xörək qaşığı un əlavə edib 1 dəqiqə qovurun. Daha sonra üzərinə xama töküb yaxşıca qarışdırın. Orta ocaqda bir dəqiqə bişirib üzərinə 1 stəkan su və duz töküb qarışdırın. Sous qatılaşdıqda qızartdığınız toyuq budlarını da tavaya əlavə edin. Ətləri sousda 5 dəqiqə bişirin. Ocaqdan götürüb üzərinə doğranmış göyərti səpib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)