Dadlı Və Faydalı Yerkökü Tortu

Sevdiklərinizi dadlı və ətirli şirniyyatla təəccübləndirmək istəyirsinizsə bu tort əla seçimdir. Evdar.az yerkökü tortunun reseptini təqdim edir.

Dadlı Və Faydalı Yerkökü Tortunun tərkibi:

Korju üçün:
  • 350 qr un
  • 1,5 stəkan şəkər tozu
  • 1/2 stəkan qəhvəyi şəkər tozu
  • 4 ədəd yumurta (böyük ölçülü)
  • 1,5 stəkan bitki yağı
  • 450 qr yerkökü
  • 1,5 çay qaşığı darçın tozu
  • 1/4 çay qaşığı muskat qozu rəndəsi
  • çimdik üyüdülmüş mixək
  • 1,5 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı soda
  • 1/2 çay qaşığı duz
Kremi üçün:
  • 450 qr krem pendir
  • 140 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 2 xörək qaşığı xama
  • 3 stəkan şəkər kirşanı
  • 1,5 çay qaşığı vanil ekstraktı
  • 1 /4 çay qaşığı duz

Dadlı Və Faydalı Yerkökü Tortunun hazırlanma qaydası:

Korju hazırlamaq üçün ilk öncə yerkökünü təmizləyib sürtgəcin xırda gözündən keçirin. Böyük bir qabda un, qabartma tozu, soda, duz, darçın, muskat qozu və mixək tozunu qarışdırın. Başqa bir qabda yumurtanı ağ və qəhvəyi şəkər tozuyla mikserlə yaxşıca çırpın. Mikserin sürətini azaldıb az-az bitki yağını əlavə edib çırpmağa davam edin. Daha sonra mikserin sürətini artırıb daha 1 dəqiqə çırpın. Unlu qarışığı da əlavə edib mikserin aşağı sürətiylə qarışdırın. Rəndələnmiş yerkökünü də əlavə edib qarışdırın və mikseri söndürün. Diametri 20-22 sm olan formanı yağlayıb unlayın. Alınmış kütləni formaya töküb hamarlaşdırın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Bişən korju 10 dəqiqə sobada soyudun. Daha sonra qəlibdən çıxarıb dəmir torun üzərində 1,5 - 2 saat soyudun. Soyuyan korju 3 bərabər hissəyə kəsin. Kremi hazırlamaq üçün otaq temperaturunda yumşalmış kərə yağını mikserlə çırpın. Üzərinə şəkər kirşanı, duz və vanil ekstraktı əlavə edib 4 dəqiqə çırpın. Xamanı da qarışdırıb əlavə edin. Krem pendirin 1/3 hissəsini də əlavə edib mikserin orta sürətiylə yaxşıca qarışdırın. Qalan krem pendiri də əlavə edib sürəti artırıb kütləni 4-5 dəqiqə çırpmağa davam edin. Korjun birini qaba yerləşdirin, üzərinə təxminən 1 stəkan krem yaxın. İkinci korju da yerləşdirib krem yaxın. Üçüncü korju da yerləşdirib hər tərəfinə (üzərinə və yan hissələrinə) krem yaxın. Hazır tortu 24 saatlıq soyuducuya yerləşdirin. Süfrəyə verməzdən 4 saat əvvəl soyuducudan çıxarın və marçipanlı yerkökülərlə bəzəyin.
Nuş Olsun!
Servings: 1 yield(s)