Dadlı Və Görünüşü İştahaçan Xamalı Blinçik Tortu

Ən azı bir dəfə xamalı blinçik tortunu sınayın və əmin olun ki, bütün ailə üçün sevimli bir desert olacaq. Evdar.az dadlı və görünüşü iştahaçan xamalı blinçik tortunun reseptini təqdim edir. Tərkibi: Blinçik üçün:
  • 550 ml süd
  • 240 qr un
  • 120 qr şəkər kirşanı
  • 2 ədəd yumurta
  • 30 qr kakao
  • 50 qr kərə yağı
  • çimdik duz
Kremi üçün:
  • 660 qr 20 %-lik xama
  • 20 qr jelatin
  • 150 ml süd
  • 150 qr şəkər kirşanı
  • 1 çay qaşığı vanil
  • zövqə görə meyvə və ya giləmeyvə
  • üzəri üçün şokolad
Hazırlanma qaydası: Blinçikin xəmirini hazırlamaq üçün bir qabda un, şəkər kirşanı, kakao və duzu qarışdırın. Başqa bir qabda yumurtanı mikserlə çırpın. Üzərinə süd və əridilmiş kərə yağı əlavə edib qarışdırın. Üzərinə quru qarışığı da əlavə edib yaxşıca qarışdırın. Xəmirin üzərini streç salafanla örtüb 20-30 dəqiqə kənarda saxlayın. 20-30 dəqiqədən sonra qızdırılmış tavada nazik blinçiklər bişirin (təxminən 19-20 ədəd blinçik çıxacaq). Kremi hazırlamaq üçün soyuq süddə jelatini 20 dəqiqəlik isladın. Xamanı şəkər kirşanı və vanillə qarışdırın. Südlü jelatini isidin (qaynatmayın!) və xamalı qarışığa əlavə edib yaxşıca qarışdırın. Diametri 20-22 sm olan açılan dairəvi qəlibi boşqabın üzərinə yerləşdirin. Alt hissəsinə 1 və ya 2 blinçik yerləşdirin. Daha sonra kiçik bir kasanın içərisinə blinçikin birini yerləşdirib orta hissəsinə 2-3 xörək qaşığı krem töküb, meyvə və ya giləmeyvə töküb kənarlarından tutub bükün,kisə kimi olsun.Hazırladığınız bu kisənin alt hissəsini azca kremə batıb qəlibə düz şəkildə yerləşdirin. Bu qaydayla bütün blinçikləri kisə forması verib qəlibə sıx-sıx yerləşdirin. Təxminən 9-10 blinçik olacaq. Qalan kremi də qəlibdəki blinliklərin üzərinə töküb yayın. Tortu 3 saatlıq soyuducuya yerləşdirin. Tünd və ya südlü şokoladı rəndələyib tortu bəzəyin. Qəlibin kənarlarını açıb çıxarın. Hazır tortu dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)