Fincan Üzərinə “Ürək” Peçenyeləri

Fincan üzərinə bu peçenye bəzəyi ilə sevginizi və qayğınızı ifadə edin. Öz əlinizlə hazırlanmış belə kiçik bir hədiyyədən daha gözəl nə ola bilər? Evdar.az fincan üzərinə “ürək” peçenyesinin reseptini təqdim edir. Tərkibi: Xəmir üçün:
  • 100 qr kərə yağı
  • 100 qr şəkər tozu
  • 200 qr un
  • 15 qr kakao
  • 1 ədəd yumurta sarısı
  • 1 ədəd yumurta
Qlazur üçün:
  • 1 ədəd yumurta ağı
  • 140 qr şəkər kirşanı
  • 1 çay qaşığı limon suyu
  • zövqə görə qida boyası
Hazırlanma qaydası: Xəmiri hazırlamaq üçün bir qabda yumurta sarısı, 1ədəd bütöv yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı və çimdik duz əlavə edib çırpmağa davam edin. Başqa bir qabda un və kakonu qarışdırın. Unlu qarışığı hissə-hissə yumurtalı kütləyə əlavə edib xəmir yoğurun. Xəmirin üzərinə streç salafan keçirib 30 dəqiqəlik soyuducuya yerləşdirin. Daha sonra xəmiri soyuducudan çıxarıb iki hissəyə ayırın. Birinci kündəni dəzgahın üzərinə oxlovla yayın. Xəmirin yapışmaması üçün iki vərəq yağlı kağız istifadə edərək, xəmiri aralarında yaya  bilərsiniz. Xəmirin üzərində ürək formalarından istifadə edərək formalar kəsin. Ürəyin orta hissəsindən bir yarım sm fincanların qalınlığında düzbucaqlı bir dəlik açın. Kağızın  sürüşməməsi üçün soba sinisinə yüngülcə su səpin. Yağlı kağızı soba sinisinə yerləşdirib peçenyeləri aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Bu qaydayla digər kündəni də yayıb forma verin və bişirin. Qlazuru hazırlamaq üçün yumurta ağını mikserlə limon suyu ilə yaxşıca çırpın. Ələnmiş şəkər kirşanını hissə-hissə yumurta ağına əlavə edin və çırpmağa davam edin. Üzərinə zövqə görə qida boyası əlavə edib qarışdırın. Qlazurun hazır olmasını yoxlamaq üçün çırpıcını yuxarı qaldırdıqda damcı dayanırsa, demək hazırdır. Bir qaşıq və ya konditer torbasından istifadə edərək peçenyelərin üzərinə qlazur yaxın. Üzərini zövqə görə bəzəyib 10-20 dəqiqəlik soyuducuya yerləşdirin.
Nuş Olsun!
Servings: 1 yield(s)