Kabab Üçün Ən Dadlı Marinad Reseptləri

Kabab üçün mağazalarda satılan hazır kimyəvi tozlarla olan marinadları almayın. Evdar.az-ın təqdim etdiyi şirəli və ətirli kabab üçün marinad reseptlərini təcrübədən keçirin.

Kefirli Marinad Resepti

1 kq ət üçün:

Tərkibi:

  • 5-6 ədəd soğan
  • 1 litr kefir
  • duz zövqə görə
  • ədviyyat zövqə görə
  • şüyüd, keşniş toxumu (üyüdülmüş) və ya keşniş

Hazırlanma qaydası: İlk öncə ətləri kabab üçün orta ölçüdə kubiklər formasında doğrayın. Qabığı soyulub yuyulmuş soğanı yarım halqa şəklində kəsin. Bir qabda doğranmış soğanların üzərinə ədviyyatı töküb yaxşıca əzərək qarışdırın ki, suyu çıxsın. Dərin bir qabda ətin üzərinə kefir və ədviyyatlı soğanı suyuyla birlikdə töküb qarışdırın. Zövqə görə üzərinə doğranmış şüyüd, cəfəri və ya üyüdülmüş keşniş toxumu əlavə edə bilərsiniz. Əti yaxşı marinə etmək üçün 1 gecə soyuducuda saxlayın. Kefir kababa qaymaqlı bir ləzzət verəcək, əti isə yumşaq və şirəli edəcək. Marinadlı ətləri şişlərə çəkin və manqala düzdükdə marinadı kababların üzərinə yaxın. Bu kababı daha da ləzzətli edəcək.

Kivi ilə Marinad

1 kq ət üçün:

Tərkibi:

  • 1 ədəd kivi
  • 3 ədəd soğan
  • 2 xörək qaşığı bitki yağı
  • duz, istiot zövqə görə
  • zövqə görə ədviyyat

Hazırlanma qaydası: Kivinin qabığını soyun və blenderlə əzin və ya rəndənin xırda gözündən keçirin. Soğanı halqa və ya iri kub şəklində doğrayın. Soğanın üzərinə duz töküb yüngül sıxaraq qarışdırın ki, soğanın şirəsi çıxsın. Əti duzlayıb istiotlayın. Dərin bir qabda ət, yağ, soğan və kivini qarışdırın. Kivi ət liflərini çox tez yumşaldır. Soyuducuda 30 dəqiqə marinad etmək kifayətdir. Şişlərə çəkilmiş ətlərdən manqalda şirəli və ətirli kabablar əldə edəcəksiniz.

Mineral Suda Marinad

2 kq ət üçün:

Tərkibi:

  • 0,5 litr mineral su
  • 4 ədəd soğan
  • duz, istiot zövqə görə
  • təzə üyüdülmüş keşniş toxumu

Hazırlanma qaydası: Əti porsionluq doğrayın. Üzərinə istiot və üyüdülmüş keşniş toxumu töküb qarışdırın. Ədviyyatlar kababa xoş ətir və dad verəcək. Əti hələ duzlamayın. Dərin bir qabda doğranmış soğan, ət və mineral suyu töküb qarışdırın. Yüksək qazlı mineral su olması vacibdir, qaz baloncuqları ətin yumşalmasına kömək edəcək. Ən azı 4 saat marinad üçün kənarda saxlayın. Əti şişlərə çəkməzdən əvvəl duzlayın. Bu kababı tərəvəz kababıyla və sevdiyiniz ət sousları ilə birlikdə süfrəyə vermək məsləhət olunur.

Xardallı Marinadda Şirəli Toyuq Kababı

 

1 kq ət üçün:

Tərkibi:

  • 2 xörək qaşığı xardal
  • 100 ml bitki yağı
  • 1 xörək qaşığı almalı sirkə
  • 3 diş sarımsaq
  • 0,5 çay qaşığı darçın tozu
  • istiot
  • üyüdülmüş keşniş toxumu
  • qırmızı pul bibər
  • 1 çay qaşığı acı acika
  • zövqə görə duz

Hazırlanma qaydası: Kabab üçün toyuq filesi və ya toyuq budu istifadə edə bilərsiniz. Bir qabda xardal, bitki yağı və sirkəni yaxşıca qarışdırın. Dərin bir qabda ətləri duzlayın. Üzərinə ədviyyatı, sarımsağı və acikanı əlavə edin. Xardallı sousu da əlavə edib yaxşıca qarışdırın. Üzərinə streç salafan keçirib 6 saatlıq soyuducuda marinə edin. Marinadlı ətdən yumşaq və ətirli kabab bişirin.

Nuş Olsun!
Servings: 1 yield(s)