Milli Steyk-Şapalaq Kababı

Dadı ilə yeyənlərin damağında iz qoyan Şapalaq kababını yemək üçün restoranlara getməyə ehtiyac yoxdur. Evdar.az milli steykimiz olan Şapalaq kababının reseptini təqdim edir.

Milli Steyk-Şapalaq Kababının tərkibi:

  • dana əti (qabırğa hissəsi və ya bel hissəsi)
  • soğan
  • kəklikotu
  • limon
  • duz
  • istiot
  • yağ

Milli Steyk-Şapalaq Kababının hazırlanma qaydası:

İlk öncə ətin üzərindəki pərdəni bıçaqla soyun. Ancaq yağ hissəsinə dəyməyin, o ətə xüsusi dad verəcək. Əti eyni qaydada sümüklü və sümüksüz hissəsi üzərində olmaqla doğrayın. Hər tikə 2 barmaq qalınlığında olmalıdır. Daha sonra  soğanları nazik doğrayın. Dərin bir qaba ətləri əlavə edin. Doğradığınız soğanları əlinizlə ətlərin üzərinə suyunu sıxaraq tökün. Üzərinə duz, istiot və kəklikotu səpin. Limonu da iki hissəyə bölüb əlinizlə suyunu sıxaraq əlavə edin. Bolca duru yağ da əlavə edib ətləri yaxşıca marinad edin. Qabın üzərini örtüb 2 gün soyuducuda marinadda saxlayın. Əgər manqalda bişirəcəksinizsə ətlərin üzərindəki soğanları təmizləyib manqal toruna düzüb bişirin. Sobada bişirəcəksinizsə əvvəlcədən 220-230 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirə bilərsiniz. Bişən əti manqaldan və ya sobadan götürüb üzərinə fırçayla palçıq turşusu və ya nar şərabi çəkib 5 dəqiqə kənarda saxlayın (turşuladıqdan sonra yenidən sobaya və ya manqala qoymayın!).Şapalaq kababını süfrəyə sumaqlı soğanla və lavaşla verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)