Pendir İçlikli Ləziz Kotletlər

Qırmızı ət çox zəngin zülal, dəmir və B qrupu vitaminləri mənbəyi olduğu üçün uşaqların əqli və fiziki inkişafı üçün əvəzolunmazdır. Ətdən hazırlanan kotletlər isə uşaqların əvəzolunmaz yeməyidir. Kiçikdən böyüyə hər kəsin sevdiyi kotleti bu reseptlə mütləq sınayın. Pendirlə kotletin bənzərsiz harmoniyası ortaya yeni bir dad çıxarır. Evdar.az pendir içlikli kotletlərin reseptini təqdim edir.

Pendir İçlikli Ləziz Kotletlərin tərkibi:

  • 500 qr dana qiymə
  • 1 ədəd yumurta
  • 1 ədəd soğan
  • duz, istiot, paprika
  • cirə, kəklikotu
  • 1 çay qaşığı soda
  • yarım stəkan suxari tozu
  • holland pendiri

Pendir İçlikli Ləziz Kotletlərin hazırlanma qaydası:

İlk öncə soğanı sürtgəcdən keçirib çox az suyunu sıxın. Bir qabda qiymənin üzərinə sürtgəcdən keçirilmiş soğan, yumurta, duz, istiot, paprika, cirə, kəklikotu, soda və suxari tozu töküb yaxşıca yoğurun. Hazırladığınız qiyməni 10-15 dəqiqəlik soyuducuya yerləşdirin. Salafan paketin və ya streç salafanın orta hissəsini yağlayın və qiymədən kündə hazırlayıb salafanın üzərinə qoyun. Salafan paketin digər hissəsi ilə ətin üstünü örtün. Əlinizlə dairə forması verib nazik yayın. Salafan paketi bir hissəsindən açıb ətin bir kənarına sürtgəcdən keçirilmiş pendir töküb salafanın köməyi ilə əti örtün (şəkərbura formasında). Ətin kənarlarını yaxşıca birləşdirin ki, bişdikdə axmasın. Azca yağlanmış tavada və ya bol yağda qızarda bilərsiniz. Süfrəyə kartof qızartması və ya süzülmüş düyü ilə verə bilərsiniz.

Əlavə qeyd:

  • Pendiri zövqə görə rəndələyə bilərsiniz və ya nazik dilim olaraq kəsib ətin içərisinə yerləşdirə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)