Qax Mətbəxinin Ləziz Şirniyyatı: Quşbara-Fındıq Girsi

Qax mətbəxi Azərbaycan kulinariyasında öz dadı ilə seçilən mətbəxdir. Bu rayonun ərazisi qoz-fındıq ilə zəngin olduğu üçün şirniyyatların hazırlanmasında bol-bol istifadə olunur. Qax mətbəxinin ləziz şirniyyatlarından biri də fındıq girsi və ya fındıq çörəyi adıyla tanınan QUŞBARADIR. Evdar.az quşbaranın reseptini təqdim edir

Tərkibi:

Xəmiri üçün:

  • 0,5 kq buğda unu
  • 250 qr ilıq süd
  • 100 qr duru yağ
  • 2 ədəd yumurta
  • 1 çay qaşığı sarıkök
  • zövqə görə duz

İçliyi üçün:

  • 0,5 kq fındıq ləpəsi
  • 300 qr şəkər tozu
  • 1 paket vanil
  • 1 çay qaşığı keşniş toxumu
  • 1 çay qaşığı şüyüd toxumu
  • 1 stəkan su
Qızartmaq üçün duru yağ

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün unun üzərinə duz, duru yağ, yumurta, sarıkök və ilıq süd əlavə edib bərk xəmir yoğurun. İçliyi hazırlamaq üçün bir qabda çəkilmiş fındıq ləpəsinin (qovrulmamış) üzərinə şəkər tozu, vanil və əlavə edib qarışdırın. İçliyə bir az isti su əlavə edib qarışdırın (içlik dağılmasın deyə). Ən sonda içliyə üyüdülmüş şüyüd və keşniş toxumu əlavə edib qarışdırın. Xəmiri 3 ədəd kündələyib unlanmış dəzgahda 5-6 mm qalınlığında yuxa yayın. Stəkanın ağız hissəsiylə vəya dairəvi peçenye kəsənlə dairələr kəsin. Hər dairəni şəkərbura kimi içliklə doldurub kənarlarını girs və ya şəkərbura kimi bükün. Bükülən girslərin üzərindən çəngəllə deşin. Bu qaydayla qalan xəmirləri də hazırlayın. Bükülən girsləri bol yağda qızardın.
Nuş Olsun!
Servings: 1 yield(s)