Restoranlarda Yediyiniz Ləzzətli Pita Çörəyini Özünüz Evdə Bişirin

Pita çörəyi  yaxın Şərq mətbəxinin ləzzətli çörəklərindən biridir. Bu çörək son illərdə restoranlarda çörək çeşidləriylə birgə süfrəyə verilir. Evdar.az ləzzətli qabaran Pita çörəyinin reseptini təqdim edir. Tərkibi:
  • 2 stəkan ilıq su
  • 1 çay qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı quru maya ( və ya ½ paket yaş maya(
  • 5 stəkan un
Hazırlanma qaydası: Xəmir yoğuracağınız bir qaba ilıq su, şəkər tozu, duz, zeytun yağı və quru maya töküb qarışdırın. Üzərinə unu da əlavə edib yumşaq xəmir yoğurun. Xəmiri təxminən 10 dəqiqə yoğurun,ancaq un əlavə etməyin! Qabın üzərinə streç salafan keçirib 1 saatlıq mayalanması üçün isti yerdə saxlayın. Mayalanan xəmiri unlanmış dəzgahın üzərində kündələyin. Hər kündə təxminən 75-80 qr olan 12 ədəd kündələr hazırlayın. Kündələrin üzərinə streç salafan keçirin ki, qurumasın. Kündələri oxlovla boşqab böyüklüyündə yayıb unlanmış mətbəx dəsmalının üzərinə yerləşdirin.  Bu qaydayla bütün kündələri yayın və üzərini örtüb 20 dəqiqə mayalanması üçün gözləyin. Quru tavanı ocağa qoyub yaxşıca qızdırın. Qızdırılmış tavada yaydığınız xəmiri iki üzlü yaxşıca bişirin. Bu qaydayla qalan Pitaları da bişirib səhər yeməyi süfrəsi, kababların və ya Baba Qanuş qəlyanaltısının yanında süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)