Şokoladlı “Praqa” ruleti

Şokolad sevənlər üçün şokoladlı dondurmaya bənzəyən kremiylə çox dadlı, şokoladlı Praqa ruletini hazırlaya bilərsiniz. Evdar.az-ın təqdim etdiyi bu reseptlə şokolad sevənləri sevindirə bilərsiniz.

Şokoladlı "Praqa" ruletinin tərkibi:

Biskvit üçün:

  • 75 qr un
  • 15 qr kakao
  • 90 qr şəkər tozu
  • 3 ədəd yumurta
  • 1 çimdik duz

Kremi üçün:

  • 150 qr süd
  • 15 qr qarğıdalı nişastası
  • 60 qr şəkər tozu
  • 100 qr kərə yağı və ya 33%-lik yağlılığı ilə qaymaq
  • 5 qr kakao (1 dolu çay qaşığı)

Qlazur üçün:

  • 50 qr şokolad
  • 20 qr kərə yağı

Şokoladlı "Praqa" ruletinin hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün mikserin qabında yumurta, bir çimdik duz və şəkər tozunu yaxşıca çırpın. Un və kakaonu yumurta qarışığının üzərinə ələyin. Taxta qaşıqla və ya spatulayla ehtiyyatla qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə (30 x 40 sm ölçülü) biskvit xəmirini yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Hazır biskviti sobadan çıxaran kimi rulet şəklində bükün. Mətbəx dəsmalına büküb soyuması üçün kənara qoyun. Kremi üçün süd, şəkər tozu və nişastanı bir qabda yaxşıca qarışdırın. Ocağa qoyub qatılaşanadək qarışdırın. Ocaqdan götürüb qazançanın üzərinə streç salafan sərib soyudun. Otaq temperaturunda olan kərə yağını mikserlə yaxşıca çırpın (əgər qaymaq istifadə etsəniz onu da yaxşıca çırpın). Kənarda gözlətdiyiniz südlü qarışığı çırpdığınız kərə yağına az-az əlavə edərək çırpın. Südlü qarışıqla kərə yağı otaq temperaturunda olmalıdır. Əks halda kreminiz alınmayacaq, əriyəcək. Kremə kakao da əlavə edib yaxşıca çırpın. Qlazur üçün kərə yağı şokoladı və kərə yağını əridib yaxşıca qarışdırın. Biskviti yağlı kağızdan ayırıb krem yaxın. Daha sonra yenidən rulet şəklində bükün. Ruletin üstünü və kənarlarını qlazurla örtün. 1-2 saatlıq soyuducuya yerləşdirin. Rulet hazırdır! Dilimləyib çayın yanında süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)