Soyuq Havanın Ləziz Xəmir Xörəyi-Ətli Girs

Ətli girs- Zaqatala, Qax, Balakən, Şəki bölgələrinə aid qışda ən çox yeyilən xəmir xörəklərindən biridir. Evdar.az ətli girsin reseptini təqdim edir.

Soyuq Havanın Ləziz Xəmir Xörəyi-Ətli Girsin tərkibi:

Xəmiri üçün:
  • 600 qr un
  • 1 ədəd yumurta
  • su
  • duz
İçlik üçün:
  • 300-400 qr qiymə ət
  • 1 ədəd soğan
  • 1 xörək qaşığı ət otu
  • duz, istiot
  • 1 dolu xörək qaşığı palçıq turşusu
Üzəri üçün:
  • əridilmiş kərə yağı

Soyuq Havanın Ləziz Xəmir Xörəyi-Ətli Girsin hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün bir qabda qiymənin üzərinə xırda doğranmış (azca duzla ovulmuş) soğan əlavə edib qarışdırın. Üzərinə palçıq turşusu, ət otu, duz, istiot əlavə edib yaxşıca qarışdırın. Xəmiri hazırlamaq üçün bir qabda unun üzərinə duz, yumurta və su töküb bərk xəmir yoğurun. Xəmiri iki hissəyə ayırıb kündələyin və 10 dəqiqə kənarda saxlayın. Kündənin biri unlanmış dəzgahda oxlovla yayın. Daha sonra stəkanın ağız hissəsiylə və ya dairəvi formayla dairələr kəsin. Bu qaydayla kündələrdən dairələr hazırlayın. Dairənin birinin içərisinə içlikdən qoyub forma verərək (sümbülvari və ya şəkərbura kənarları kimi) bükün. Hazır girsləri unlanmış qəlibə aralıqlarla düzün ki, yapışmasın. Bir qazanda suyu qaynadın. Qaynayan suya duz töküb qarışdırın. Hazırladığınız girsləri duzlu suda bişirin. Bişən girsləri süzüb boşqaba qoyun. Üzərinə əridilmiş kərə yağı töküb süfrəyə verə bilərsiniz.
Qeyd: Bəzi bölgələrdə girsə gürzə də deyirlər. Qax rayonunda girsin bir neçə növü bişirilir. Şordan( kəsmikdən), göyərtidən, xarxuşdan (qarın-bağırsaq) hazırlanır. Nuş Olsun!
Servings: 1 yield(s)