Albalı İçlikli Ləziz “Napoleon” Peçenyesi
Albalı içlikli "Napoleon" peçenyesi xırçıltılı qatları, yüngül turşməzə albalı dadı və zərif görünüşü ilə süfrələrinizin sevimli desertidir. Evdar.az həm gündəlik, həm də qonaqlıq süfrələri üçün ideal "Napoleon" peçenyesinin reseptini təqdim edir.
Albalı İçlikli "Napoleon" Peçenyesinin tərkibi:
Xəmiri üçün:
- 1 kq un
- 500 qr soyuq kərə yağı
- 3 qr və ya 1/2 çay qaşığı qabartma tozu
- 400 qr soyuq qaymaq
- 250 qr soyuq xama
- 10 ədəd yumurta sarısı
Albalılı İçlik üçün:
- 1 kq tumsuz albalı
- 400-500 qr şəkər tozu
- 120 qr qarğıdalı nişastası
Albalı İçlikli Napoleon Peçenyesinin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün dərin bir qaba 1 kq un tökün. Üzərinə soyuq kərə yağını sürtgəcdən keçirib ovuntu halına gətirin. Üzərinə qabartma tozu, soyuq qaymaq, soyuq xama və yumurta sarısı əlavə edib tez xəmir halına gətirin. Həddindən artıq yoğurmaq olma, əks halda yağ əriyəcək. Qabıqlı olması üçün kiçik kərə yağı parçaları qalmalıdır. Xəmiri unlanmış dəzgahda oxlovla böyük açın və zərf şəklində qatlayıb streç salafana bükün. 1-2 saatlıq soyuducuya yerləşdirin.
İçliyi hazırlamaq üçün bir qazanda tumu çıxarılmış albalı, şəkər tozu və nişastanı qarışdırıb ocağa qoyun. Bişib qatılaşan içliyi ocaqdan götürüb blenderlə püre halına gətirin və soyudun.
Xəmiri soyuducudan çıxarıb hər biri 200 qramlıq kvadrat şəklində bir neçə hissəyə bölün. Bir hissəsini dəzgahın üzərində dairəvi şəkildə yayın. Dairələrdən bıçaqla və ya dilimləyici ilə kəsib içlik qoyub böyük mütəkkələr formasında bükün. Bu qaydayla xəmirləri açıb içliklə doldurub bükün. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bişib soyuyan peçenyelərin üzərinə şəkər kirşanı səpib süfrəyə verin.
Nuş Olsun!