Bişmiş Qatılaşdırılmış Süd İçlikli Bükmələr (Roqaliki)

Çay süfrəsini daha şirin və dadlı etmək üçün ləziz bükmələr (roqaliki) bişirə bilərsiniz. Evdar.az bişmiş qatılaşdırılmış süd içlikli bükmələrin reseptini təqdim edir.

Bişmiş Qatılaşdırılmış Süd İçlikli Bükmələrin tərkibi:

  • 200 qr marqarin yağı
  • 200 qr xama
  • 1 ədəd yumurta
  • yarım çay qaşığı soda
  • 2 damcı limon suyu
  • 3 stəkan un
  • 1 banka bişmiş qatılaşdırılmış süd
  • bulamaq üçün şəkər tozu

Bişmiş Qatılaşdırılmış Süd İçlikli Bükmələrin hazırlanma qaydası:

İlk öncə marqarini əridin. Dərin bir qaba əridilmiş  yağ, yumurta və xama əlavə edib qarışdırın. Sodanı limon suyuyla söndürüb əlavə edin. Unu da əlavə edib yumşaq, ələ yapışmayab xəmir yoğurun. Xəmiri 6 bərabər hissəyə bölüb kündələyin. Kündələri boşqaba düzüb üzərini streç salafanla bükün və ən azı 1 saatlıq soyuducuya yerləşdirin. Kündənin birini dəzgahın üzərində dairə halına salın ( xəmirin qalınlığı 2-3 mm). Daha sonra 8 hissəyə bölüb hər birinə 1 çay qaşığı bişmiş qatılaşdırılmış süd qoyub bükün (kənarlarını mərkəzə qatlayın, içliyi "möhürləyin", mütəkkə kimi yuvarlayıb yüngülcə basın). Bu qaydayla bükmələri hazırlayıb şəkər tozuna bulayın. Yağlı kağız sərilmiş soba sinisinə düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə bişirin.
Əlavə qeyd:
  • Bu reseptdə marqarini kərə yağı ilə əvəz etməməyi şiddətlə tövsiyyə edirik. Çünki marqarinlə bişmiş bükmələrin daha qatlı tekstura əldə etdiyini görəcəksiniz.
  • Xamanı istənilən yağlılıqda istifadə edə bilərsiniz.
  • Qatılaşdırılmış südü qaynadılmış ala bilərsiniz və ya özünüz bişirə bilərsiniz
Nuş Olsun!
Servings: 1 yield(s)