Bol Pendirli, Ləzzətli Meqruli Xaçapurisi
Meqruli xaçapurisi Gürcü xaçapurisinin bir növüdür. Penovani xaçapurisindən fərqli olaraq Meqrelsayağı xaçapurini bişirməzdən əvvəl üzərinə bolluca pendir (suluquni) səpilir. Evdar.az içi və üstü bol pendirli, ləziz və xırtıldayan Meqrel xaçapurisinin (meqruli) reseptini təqdim edir.
Bol Pendirli, Ləzzətli Meqruli Xaçapurisi
Meqrelsayağı Xaçapurinin tərkibi:
- 300 ml isti süd
- 7 qr maya
- 1 xörək qaşığı şəkər tozu
- 1 ədəd yumurta
- 20 ml bitki yağı
- 50 qr un
- 1 çay qaşığı duz
İçlik üçün:
- 250 qr Suluquni pendiri
- 250 qr Mozarella pendiri
- 150 qr Holland pendiri
Meqrelsayağı xaçapurinin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün dərin bir qabda ələnmiş unun üzərinə maya, şəkər tozu, duz, yumurta, bitki yağı və isti süd əlavə edib xəmir yoğurun. Xəmirin üzərini streç salafanla örtüb 1 saatlıq mayalanması üçün isti yerdə gözlədin.
İçliyi hazırlamaq üçün Suluqunu, Mozarella və Holland pendirini sürtgəcdən keçirin.
Mayalanan xəmiri 3 ədəd kündələrə bölün. Birinci kündəni yüngül unlanmış dəzgahda oxlovla bir az yayın. Azca açılmış xəmirin orta hissəsinə pendirli içlikdən yerləşdirin. Xəmirin kənarlarını büzərək birləşdirin. Tərs çevirib təxminən 1 sm qalınlığında yayın. Yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Bu qaydayla qalan kündələri də içliklə doldurub bükün və yayıb siniyə yerləşdirin. Xaçapurilərin üzərinə sürtgəcdən keçirilmiş pendir səpib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Meqruli xaçapurisini isti halda süfrəyə verin.
Əlavə qeyd: Bu reseptlə 3 ədəd xaçapuri çıxır.
Nuş Olsun!