Çay Süfrələrinin Yeni Ulduzu-Püstəli Napoleon Tortu
Fərqli dad axtaranlar püstəli Napoleon tortunu hazırlayaraq süfrədə yenilik edə bilər. Bu desert həm süfrənizə fərqlilik qatacaq, həm də hər dilimində qonaqlarınızı heyran edəcək. Evdar.az çay süfrələrinizə həm gözəllik, həm də ləzzət qatacaq püstəli Napoleon tortunun reseptini təqdim edir.
Çay Süfrələrinin Yeni Ulduzu
Püstəli Napoleon Tortunun tərkibi:
Napoleon xəmiri üçün:
- 600 qr buğda unu
- 400 qr soyuq kərə yağı
- 1 ədəd yumurta
- 1 xörək qaşığı 9%-lik uksus (sirkə)
- çimdik duz
- 230 ml buzlu su
Plombir kremi üçün:
- 600 ml süd
- 2 ədəd yumurta
- 60 qr qarğıdalı nişastası
- 320 qr şəkər tozu
- 100 qr kərə yağı
- 300 ml 33-35%-lik qaymaq
- 100 qr püstə pastası
Püstəli Napoleon Tortunun hazırlanma qaydası:
Kremi hazırlamaq üçün bir qabda yumurtanın üzərinə şəkər tozu əlavə edib tel çırpıcıyla və ya çəngəllə yaxşıca çırpın. Üzərinə nişastanı da əlavə edib topaq qaplmayacaq şəkildə qarışdırın. Südü qazana töküb isidin. İsti südə yumurtalı kütləni az-az əlavə edərək dayanmadan qarışdırın. Qatılaşana qədər qarışdıraraq bişirib ocaqdan götürün. Bişmiş kremə kərə yağını əlavə edib yağ əriyənə qədər qarışdırın. Hazır kremi başqa bir qaba köçürdüb üzərini streç salafanla örtün. Soyuması üçün kremi soyuq yerdə gözlədin.
Xəmiri hazırlamaq üçün soyuq kərə yağını una bulayaraq sürtgəcdən keçirin. Yağ və unu əllə umac halına gələnə qədər ovun. Başqa bir qabda yumurta, uksus, çimdiz duz və çox soyuq (soyuducuda gözlətdiyiniz qədər soyuq) su əlavə edib çəngəllə qarışdırın. Soyuq yumurtalı suyu tez xəmirə əlavə edib yüngül yoğurun. Napoleon xəmirini çox yoğurmaq olmaz, yuvarlaq top halına salıb tez götürmək lazımdır. Xəmiri heç gözlətmədən 10 ədəd kündələrə bölün. Kündələri siniyə düzüb üzərini streç salafanla örtün və 2 saatlıq soyuducuya yerləşdirin.
Kremi hazırlamaq üçün bir qabda soyuq qaymağı mikserlə yaxşıca çırpın. Üzərinə soyuq bişmiş kremi əlavə edib spatulayla və ya taxta qaşıqla yaxşıca qarışdırın. Kremə püstə pastası da əlavə edib qarışdırıb kənara qoyun.
Korjları hazırlamaq üçün kündənin birini soyuducudan götürün, qalanlarını soyuducuda saxlayın. Kündəni unlanmış yağlı kağızın üzərində 2-3 mm qalınlığında yayıb dairəvi qəliblə ölçüsünü kəsin. Artıq kənarlarını ayırıb yanında saxlayın. Üzərində xəmir olan yağlı kağızı soba sinisinə ehtiyatla yerləşdirib üzərini çəngəllə deşin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada yüngül qızana qədər, təxminən 7-8 dəqiqə bişirin. Bişən korju sobadan götürüb isti halda kənarlarını ayırıb başqa bir qaba tökün. Bu qaydayla bir-bir xəmirləri yayıb bişirin. Kənarlarından çıxan korj qalıqlarını ovuntu halına gətirin.
Bişib soyuyan korjları kremləyərək üst-üstə düzün. Tortun üzərini və kənarlarını ovuntuyla bəzəyin. Zövqə görə tortun üzərinə xırdalanmış püstə də səpə bilərsiniz. Tortu bir gecəlik soyuducuda gözlədin.
Nuş Olsun!