Dadlı və Faydalı Bildirçinli Plov

Bildirçin əti yüksək protein və bol vitamin mənbəyi olduğu üçün insan orqanizmi üçün çox faydalıdır. Eləcə də heç bir yan təsiri yoxdur. Əksinə, revmatizma, astma, mədə-bağırsaq və sinir xəstəliklərinin müalicəsində əvəzsiz qida növüdür. Evdar.az faydalı bildirçindən hazırlanan plovun reseptini təqdim edir. Tərkibi:
  • 4 ədəd bildirçin
  • 300 qr göbələk
  • 150 qr bişmiş şabalıd
  • 100 qr qoz ləpəsi
  • 2 xörək qaşığı mayonez
  • 1 ədəd soğan
  • duz, istiot
Qızartmaq üçün duru yağ Plov üçün:
  • 800 qr uzun düyü
  • 200 qr əridilmiş kərə yağı
  • 1 xörək qaşığı zərdəçal ( sarıkök və ya zəfəran da olar)
  • duz
Qazmaq üçün:
  • 2 ədəd yumurta
  • 6 xörək qaşığı bişmiş süzülmüş düyü
Hazırlanma qaydası: İlk öncə bildirçinləri yaxşıca yuyub, içərisini təmizləyin. Duz, istiot səpib kənara qoyun. Bu müddətdə içliyi hazırlayın. Soğanı xırda doğrayıb, yağda qızardın. Üzərinə kiçik ölçüdə doğranmış göbələk əlavə edib tavanın qapağını örtün. Suyu çəkilənədək bişirin. Kənarda təmizlənib, bişirilmiş şabalıdı da doğrayıb əlavə edin. Üzərinə xırda-xırda qoz doğrayıb, qarışdırın. Duz, istiot səpdikdən sonra içlik hazırdır. İçliyi bildirçinlərin içərisinə doldurub soba qabına qoyun. Bildirçinlərin üzərinə mayonez yaxın. Üstünü folqa ilə örtüb əvvəlcədən 240 dərəcə bişirilmiş sobada 40 dəqiqə bişirin. Daha sonra folqanı götürüb 5 dəqiqə də bişirin. Düyünü duz əlavə olunmuş ilıq suda isladın. Aşı hazırlayacağınız qazana su doldurub qaynamağa qoyun. Su yaxşıca qaynadıqda içərisinə duz və yuyulub süzülmüş düyünü əlavə edin. Düyü tam bişməmiş ocaqdan götürüb süzün. Süzdüyünüz düyüdən 5 xörək qaşığını 2 yumurta ilə qarışdırıb qazmaq formasında qazanın dibinə yayın. Üzərinə qalan düyünü, zərdəçalı və ərinmiş kərə yağını əlavə edib az odda dəmə qoyun. 1 saata plov hazırdır. Bildirçinli plovu isti halda süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)