Gül formasında peçenyelər həm görünüşü, həm də dadı ilə çay süfrənizi bəzəyəcək. Evdar.az ləziz peçenyenin reseptini təqdim edir.
Ecazkar Gül Peçenyesi
Peçenyenin Tərkibi:
- 300 qr un
- 100 qr kərə yağı
- 1/2 çay qaşığı qabartma tozu
- 1 çay qaşığı vanil
- 100 qr xama və ya qatıq
- 1 xörək qaşığı şəkər tozu
- 1 ədəd yumurtanın sarısı
İçlik üçün:
- 250 qr xırdalanmış qoz ləpəsi
- 4 xörək qaşığı qatılaşdırılmış süd (mürəbbə və ya şokoladla əvəz edilə bilər)
Peçenyenin hazırlanma qaydası:
Peçenyenin xəmirini hazırlamaq üçün bir qabda un və otaq temperaturunda yumşaldılmış kərə yağını əllə ovun. Üzərinə qabartma tozu, vanil və şəkər tozu əlavə edib qarışdırın. Xama və ya qatıq, 1 ədəd yumurtanın sarısını da töküb yumşaq xəmir yoğurun. Xəmirin üzərini streç salafanla örtüb 10 dəqiqə otaq temperaturunda dincəldin. Dincələn xəmirdən 10 ədəd eyniölçülü kündələr hazırlayın.
İçliyi hazırlamaq üçün xırdalanmış qoz ləpəsinin üzərinə qatılaşdırılmış süd əlavə edib qarışdırın. İlk kündəni oxlovla yüngül yayın və orta hissəsinə içlikdən qoyub bükün. Bu qaydayla kündələri içliklə doldurub kiçik toplar şəklində hazırlayın. İçliklə doldurulmuş kündələrin üzərinə mətbəx qayçısıyla kəsiklər atıb gül forması verin. Gül formasında hazırladığınız xəmirləri 20 dəqiqəlik soyuducuya yerləşdirin. Daha sonra peçenyeləri əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişən peçenyeləri sobadan götürüb dəmir torun üzərində soyudun. Üzərinə şəkər kirşanı səpib çayın və ya qəhvənin yanına süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Ən dadlı peçenye resepti Ən Dadlı Kulinariya Saytında!