Ev Şəraitində “Super Kontik”- Şokoladlı Sendviç Peçenye

Kiçikdən böyüyə hər kəsin sevərək yediyi, xüsusilə də uşaqların məktəb çantalarına qoyulan "Super Kontik" peçenyesini ev şəraitində özünüz hazırlayın. Evdar.az şokoladlı sendviç peçenye "Super Kontik"in reseptini təqdim edir.

Ev Şəraitində "Super Kontik"

Şokoladlı Sendviç Peçenyenin tərkibi:

Peçenye xəmiri üçün:
  • 100 qr  otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 120 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • 1/2 çay qaşığı şəkərli vanil və ya karamelli vanil
  • 175 qr un
  • 25 qr kakao tozu
  • 1 çay qaşığı qabartma tozu
  • çimdik duz

Kremi üçün:

  • 60 qr kərə yağı
  • 120 qr bişmiş qatılaşdırılmış süd

Qlazur üçün:

  • 150 qr şokolad
  • 30 qr kərə yağı

Şokoladlı Sendviç Peçenyenin hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün ilk öncə otaq temperaturunda yumşaldılmış kərə yağını və şəkər tozunu bir qabda mikserlə yaxşıca çırpın. Üzərinə yumurta və vanil əlavə edib çırpmağa davam edin. Başqa bir qabda  un, kakao, qabartma tozu və duzu ələyib qarışdırın. Ələnmiş quru qarışığı yağlı kütlənin üzərinə əlavə edib xəmir yoğurun. Xəmiri yuvarlayıb streç salafana bükün və 30 dəqiqəlik soyuducuya yerləşdirin. Kremi hazırlamaq üçün bir qabda kərə yağını mikserlə yaxşıca çırpın. Üzərinə bişmiş qatılaşdırılmış südü əlavə edib çırpmağa davam edin. Soyuducudan götürdüyünüz xəmiri 5 mm qalınlığında yayın. Dairəvi qəliblə eyni ölçüdə dairələr kəsib yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 8-10 dəqiqə bişirin. Çalışın qurutmayın! Bişib soyuyan peçenyelərin 2 sini götürüb arasına krem yaxıb birləşdirin. Bu qaydayla peçenyeləri kremləyib 1 saatlıq soyuducuda saxlayın ki, krem bərkisin. Qlazuru hazırlamaq üçün şokolad və kərə yağını bir qabda su hamamında və ya mikrodalğalı sobada əridin. Soyuducudan çıxartdığınız peçenyeləri qlazura hər tərəfli bulayıb yağlı kağız üzərinə yerləşdirin. Bərkiməsi üçün kənarda saxlayın və ya soyuducuya yerləşdirin. Hazır peçenyeni çay, qəhvə və uşaqlara isti südlə birlikdə süfrəyə verə bilərsiniz! Tərkibinə əmin olduğunuz ev şəraitində hazırladığınız "super kontik" sendviç peçenyeni könül rahatlığıyla uşaqlarınızın məktəbli çantalarına qoya bilərsiniz. Məktəbli Uşaqların Nahar Qutusunda Nələr Olmalıdır? mövzusunda məqaləni oxumağı məsləhət görürük. Ən dadlı peçenye reseptləri -Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
 
Servings: 1 yield(s)