Kalsium və Dəmirlə Zəngin Yemək: Soğanlı Qaraciyər Qovurması

Qaraciyər zəifləmiş bədəni bərpa etməyə və immunitet sistemini gücləndirməyə kömək edən vitaminlərlə, kalsium və dəmirlə zəngindir. Qaraciyəri düzgün bişirmək üçün xüsusi bacarıq və qabiliyyət tələb olunmur. Təqdim edəcəyimiz asan hazırlanma qaydasıyla həm əzizləriniz üçün, həm də qonaqlarınız üçün əsl kulinariya şah əsəri yarada bilərsiniz. Evdar.az faydalı qaraciyərdən hazırlanan ləziz qovurmanın reseptini təqdim edir.

Soğanlı Qaraciyər Qovurmasının tərkibi:

  • 1,5 kq mal qaraciyəri
  • zövqə görə duz, istiot
  • 1/2 çay qaşığı uçxo-suneli (gürcü ədviyyatı)
  • 1/2 çay qaşığı paprika
  • 2 xörək qaşığı qarğıdalı nişastası
  • 4 ədəd soğan
  • 1/2 çay qaşığı sarımsaq tozu
  • 1/2 çay qaşığı şəkər tozu
  • 1/2 çay qaşığı nanə qurusu
  • 3 xörək qaşığı 6%-li almalı sirkə
  • qızartmaq üçün günəbaxan yağı
  • 40 qr kərə yağı

Soğanlı Qaraciyər Qovurmasının hazırlanma qaydası:

Qaraciyəri yaxşıca yuyub üzərindəki pərdəsini soyun. İri tikələrə doğrayıb salafan paketin içərisinə tökün. Üzərinə duz, istiot, paprika, uçxo suneli, qarğıdalı nişastası əlavə edin. Salafanı bağlayın və yaxşıca silkələyin ki, ədviyyatlar ətə qarışsın. Daha sonra elə salafan paketi dəzgahın üzərinə qoyun və ətdöyənlə elə salafan paketdəcə döyün. Soğanı yarım halqalar formasında doğrayın. Üzərinə sarımsaq tozu, duz, şəkər tozu, nanə qurusu və 6%-lik alma sirkəsi əlavə edib yaxşıca qarışdırın. Soğanı marinad olunması 15 dəqiqə kənarda saxlayın. Marinad olunmuş soğanı təxminən 5 dəqiqə bitki yağında qızardın. Soğana kərə yağı və hazırlanmış qaraciyəri əlavə edib aşağı odda yumşalana qədər arabir qarışdıraraq bişirin. Bişən qaraciyər qovurmasını süfrəyə verdikdə üzərinə doğranmış keşniş səpə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)