Oğuz Mətbəxnin Qozlu Yarpaq Dolması

Oğuz rayonu təkcə füsunkar təbiəti və qədim tarixi ilə deyil, həm də münbit torpağın yetişdirdiyi yüksək keyfiyyətli məhsulları ilə də məşhurdur. Özünəməxsus dadı, yağı və ətiri ilə məşhur olan Oğuz qozu nəinki bazarlarda, həm də bir çox şirniyyat və yeməyin içliyində də istifadə olunur. Təbii yağının və ətrinin hiss olunduğu Oğuz qozunu rayonun məşhur qozlu dolmasının içliyində istifadə edə bilərsiniz. Evdar.az Oğuz mətbəxinin süfrəsində xüsusi yeri olan qozlu dolmanın reseptini təqdim edir.

Oğuz Mətbəxnin Qozlu Yarpaq Dolması

Qozlu Yarpaq Dolmasının tərkibi:

  • 300 qr qoz ləpəsi
  • 2 ədəd soğan
  • yarım dəstə keşniş, nanə
  • 3 xörək qaşığı düyü
  • duz, istiot

Qozlu Yarpaq Dolmasının hazırlanma qaydası:

İlk öncə qoz ləpəsini ətçəkən maşından keçirin. Soğanı xırda doğrayın. Düyünü yuyub suyunu süzün. Yarım dəstə keşniş və nanəni yaxşıca yuyub xırda doğrayın. Dərin bir qabda ətçəkən maşından keçirilmiş qoz ləpəsi, xırda doğranmış soğan, göyərti, düyü, zövqə görə duz və istiot əlavə edib içliyi qarışdırın.
Qış üçün hazırladığınız üzüm yarpaqlarının saplağını kəsib qozlu içliklə doldurub dolmalar bükün. Qazanın dibinə bir neçə üzüm yarpağı sərib, dolmaları düzün. Qazana bir az su əlavə edib qapağı bağlı halda orta odda bişirin. Suyu çəkilib yağa düşdükdə üzərinə yağ əlavə edib bir neçə dəqiqə bişirib ocağı söndürün. Bişmiş qozlu dolmanı nar şərabla və ya sarımsaqlı qatıqla süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)