Pendirli Toyuq Şorbası

Hər hansı bir yemək süfrəsi üçün ideal şorba. Toyuq və pendir şorbaya heyrətamiz qaymaqlı bir dad verəcək. Bu şorbanı həm də uşaqların menyusuna daxil edə bilərsiniz. Evdar.az  pendirli toyuq şorbasının reseptini təqdim edir. Tərkibi:
  • 1 ədəd toyuq filesi
  • 1 ədəd yerkökü
  • 5 ədəd kartof
  • 100 qr əridilmiş pendir
  • 2 litr su
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 ədəd dəfnə yarpağı
  • duz, istiot
  • zövqə görə göyərti
Hazırlanma qaydası: Yerkökünü təmizləyib kiçik kub formasında doğrayın. Kartofları da kiçik-kiçik doğrayın. Toyuq filesini orta böyüklükdə doğrayıb zeytun yağında təxminən 7 dəqiqə bişirin. Qazana suyu tökün, üzərinə doğranmış kartof və yerkökünü töküb 20 dəqiqə bişirin. Daha sonra yağda qızardılmış toyuq filesini əlavə edib 10 dəqiqə bişirin. Qazana duz, istiot və dəfnə yarpağı əlavə edin. Şorbanı ocaqdan götürənə yaxın əridilmiş pendiri də əlavə edib topaqlanmaması üçün tez qarışdırın. Hazır şorbaya xırda doğranmış göyərti əlavə edib 5 dəqiqə qaynadıb ocağı söndürün. Şorbanı isti halda süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)