Qəbələ Mətbəxinin Ləziz Çığırtma Plovu

Azərbaycanda demək olar ki, hər regionun özünə xas plov növü var. Bu ləziz plovlardan biri də Qəbələ və şimal bölgəsinə xas çığırtma plovdur. Evdar.az ləziz çığırtma plovun reseptini təqdim edir.

Qəbələ Mətbəxinin Ləziz Çığırtma Plovunun tərkibi:

  • 1500 qr toyuq
  • 5-6 ədəd soğan
  • 10 ədəd yumurta
  • duz, sarıkök, limon duzu
  • 1 kq düyü

Qazmaq üçün:

  • 1 stəkan un
  • 2 dolu xörək qaşığı qatıq
  • bir çimdik soda
  • 2 xörək qaşığı duru yağ
  • duz

Qəbələ Mətbəxinin Ləziz Çığırtma Plovunun hazırlanma qaydası:

İlk öncə toyuğu doğrayın, yuyub bişməyə qoyun. Kəfini yığıb qaynadın. Soğanları nazik uzun formada doğrayıb yağda qızılı rəng olana qədər qovurun.Daha sonra bişmiş toyuq ətlərini əlavə edin. Üzərinə duz, sarıkök, istiot, bir çimdik limon duzu əlavə edib qovurun. Yumurtaları başqa bir qabda çəngəllə yaxşıca çırpın və toyuğun üzərinə əlavə edin. Qapağını örtüb vam odda bişirin. Qazmağı hazırlamaq üçün bir qabda un, qatıqda söndürülmüş soda, duru yağ və duz əlavə edib yoğurun. Üzərini streç salafanla örtüb 10 dəqiqə kənarda saxlayın. Daha sonra oxlovla yayın. İlk öncə düyünü duzlu suda isladın. Qazana su doldurub qaynamağa qoyun. Qaynayan suya duz əlavə edib qarışdırın. Yuyulub suyu süzülmüş düyünü qaynayan suya töküb yarıbişmiş olana qədər bişirin. Bişən düyünü süzün. Plovu dəmləyəcəyiniz qazanı qızdırın. 1 xörək qaşığı kərə yağı əlavə edib yaydığınız qazmağı dibinə yerləşdirin. İstədiyiniz xəmir kəsən formalarla kəsin. Süzülmüş düyünü qazana əlavə edin. Üzərinə ərinmiş kərə yağı və dəmlənmiş zəfəran suyu səpib qazanın qapağını örtüb vam odda dəmə qoyun. Dəm alan düyünü boşqaba çəkib üzərinə əridilmiş kərə yağı əlavə edin. Hazırladığınız çığırtma toyuğu və qazmağı da üzərinə qoyub süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)