Fəsəli - Azərbaycan mətbəxinin qədim və sevilən təamlarından biridir. Ədviyyatlı kərə yağının ətri və qat-qat xəmiri ilə hazırlanan fəsəlini adətən sacda bişirirlər. Ancaq ev şəraitində tavada da hazırlamaq mümkündür. Evdar.az tavada hazırlanan fəsəlinin reseptini təqdim edir.
Qat-Qat Dad: Tavada Ləziz Fəsəli
Fəsəlinin tərkibi:
- 1,5 stəkan ilıq su
- 4 stəkan un
- 1 çay qaşığı duz
- 200 qr kərə yağı (yuxaları yağlamaq üçün)
- zövqə görə zirə, cirə
Fəsəlinin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün dərin bir qabda unun üzərinə duz və ilıq su əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğurun. Yoğurduğunuz xəmirin üzərini örtüb 15 dəqiqəlik otaq temperaturunda dincəldin. 200 qr kərə yağını əridin. Zövqə görə yağa ədviyyat (zirə, cirə) əlavə edə bilərsiniz. Dincələn xəmiri kündələyin. Hər kündələri unlanmış dəzgahın üzərində oxlovla yayın. Əridilmiş kərə yağıyla yağlayıb rulet kimi bükün. Bükülən fəsəlinin üzərindən yastılayıb yenidən oxlovla yayın. Fəsəlini əvvəlcədən qızdırılmış blinçik tavasında iki tərəfli bişirin. Bu qaydayla qalan kündələri də yayıb yağlayıb bişirin. Fəsələliləri isti halda kərə yağıyla yağlayıb süfrəyə verin.
Nuş Olsun!