Salzburq Deserti “Nockerln”- Bulud Kimi Vanilli Sufle

Sizə bulud yeyirmiş kimi hiss etdirəcək ləzzətli desert. "Salzburger Nockerln" desertini Avstriyanın Salzburq şəhərinə xas "Vanilli Sufle" kimi təsəvvür edə bilərsiniz. Bu yüngül suflenin forması və üzərinə səpilmiş şəkər kirşanı Salzburqun qarlı dağlarını xatırladır. Evdar.az yüngül və ləziz desertin reseptini təqdim edir.

Bulud Kimi Vanilli Suflenin tərkibi:

  • 6 ədəd yumurta ağı
  • 1 çimdik duz
  • 70 qr şəkər tozu
  • 2 ədəd yumurta sarısı
  • 30 qr şəkər tozu
  • 20 qr un
  • 1/2 paket vanil
  • portağal qabığı

Bulud Kimi Vanilli Suflenin hazırlanma qaydası:

İlk öncə otaq temperaturunda olan 6 ədəd yumurtanın ağının üzərinə bir çimdik duz əlavə edib mikserlə yaxşıca çırpın. Üzərinə 70 qr  şəkər tozu da əlavə edib ən az 5 dəqiqə çırpın. Başqa bir qabda 2 ədəd yumurta sarısı, 30 qr şəkər tozu, vanil, 20 qr un və sürgəcdən keçirilmiş portağal qabığını əlavə edib tel çırpıcıyla yaxşıca qarışdırın. Daha sonra yumurta sarısı kütləsini çırpılmış yumurta ağı kütləsinə hissə-hissə əlavə edib qarışdırın. Keramik soba qəlibini (kənarları təxminən 5 sm hündürlükdə) kərə yağıyla yağlayıb içəsinə 1 xörək qaşığı süd əlavə edin. Zövqə görə süd əvəzinə turş giləmeyvə (mərcangilə, zoğal, və ya qarağat) cemi və ya mürəbbəsi də əlavə edə bilərsiniz. Yumurta kütləsini qəlibə elə düzün ki, üç dağ zirvəsi şəklində yaransın. Kütləni həm qaşıqla, həm də spatula ilə dağ forması verərək yan-yana düzə bilərsiniz. Deserti əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 12 dəqiqə qızılı rəng olana qədər bişirin. Deserti sobaya qoyduqdan sonra heç bir halda sobanın qapağını açmayın! Salzburg Nockerl desertini sobadan götürüb dərhal üzərinə "qar"-şəkər kirşanı səpib süfrəyə verin.  Soyumamış desert havalı quruluşa və xoş şirin dada malikdir. Bu desertin bir xüsusiyyəti var - bişirildikdən dərhal sonra yeyilir. Soyuduqdan sonra desert çökür və "rezin" kimi olur.
Nuş Olsun!
Servings: 1 yield(s)