Sovet Dövrünün Möhtəşəm “Kalla” tortu

"Kalla" tortu - Sovet dövründə görünüşüylə süfrələrin bəzəyi olan ləzzətli bir şirniyyatdır. Tortun üzəri Kalla zanbağı çiçək formasında hazırlanan pirojnalarla örtülür. Evdar.az dadıyla və görünüşüylə heyrətləndirən ləziz tortun reseptini təqdim edir.

"Kalla" tortunun tərkibi:

Korjlar üçün:

  • 6 ədəd yumurta
  • 1 stəkan şəkər tozu (200 ml)
  • 3 xörək qaşığı xama
  • 2 stəkan un
  • 1 paket vanil
  • 1 paket qabartma tozu və ya 1 çay qaşığı soda
  • 250 qr qoz ləpəsi

Kremi üçün:

  • 150 qr qatılaşdırılmış süd
  • 1 stəkan süd
  • 300 qr kərə yağı
  • 1 stəkan şəkər tozu
  •  2 xörək qaşığı un
  •  1 paket vanil

Korju islatmaq üçün sirop:

  • 80 ml qəhvə (dəmlənmiş)
  • 80 ml su
  • 160 qr şəkər tozu

Kalla pirojnası üçün:

• 3 ədəd yumurta • 1 stəkan şəkər tozu • 1 stəkan un • 1 paket vanil

Bəzəmək üçün samanvari formada doğranmış limon qabığı

"Kalla" tortunun hazırlanma qaydası:

Korjları hazırlamaq üçün ilk öncə yumurta və şəkər tozunu bir qabda mikserlə yaxşıca çırpın. Başqa bir qabda xamanın üzərinə soda və ya qabartam tozu əlavə edib qarışdırın. Xamalı qarışığı çırpılmış yumurtanın üzərinə əlavə edin. Ələnmiş un və vanili əlavə edib spatulayla və ya taxta qaşıqa ehtiyyatla qarışdırın. Xəmiri iki hissəyə bölüb yağlı kağız sərilmiş dairəvi qəlibə tökün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada bişirin. Bişən korjları dəmir torun üzərində soyudun. Kremi hazırlamaq üçün kiçik bir qazanda süd, şəkər tozu və unu tel çırpıcıyla yaxşıca çırpın. Zəif odda qatılaşana qədər bişirin. Ocaqdan götürüb soyuması üçün kənara qoyun. Mikserin qabında otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə yaxşıca çırpın. Üzərinə az-az soyuyan kütlədən əlavə edib çırpmağa davam edin. Qatılaşdırılmış südü və vanili də əlavə edib krem halına gələnə qədər çırpın. Korju islatmaq üçün siropu hazırlayın. Bunun üçün bir qabda dəmlənmiş qəhvə, şəkər tozu və suyu əlavə edib qarışdırım. Qazanı ocağa qoyun zəif odda 2-3 dəqiqə qaynadıb götürün. Siropu soyuması üşün kənara qoyun. Kalla pirojnalarını hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu tel çırpıcıyla çırpın. Üzərinə un və vanil əlavə edib qarışdırın. Hazır kütlədən 1 xörək qaşığı götürüb yağlı kağız üstünə qaşıqla kiçik dairə şəkli verib yayın. Əvvəlcədən qızdırılmış sobada kənarları yüngül qızarana qədər bişirib götürün. İsti halda pirojnanın orta hissəsinə samanvari doğranmış limon qabığı qoyub kala forması verin. Bu qaydayla digər pirojnaları da formasını saxlaması üçün isti halda büküb bir qaba düzün. Hazır korjları siropla isladın. Birinci isladılmış korju tortu hazırlayacağınız qaba yerləşdirib kremləyin. Qoz ləpəsini xırda doğrayıb kremin üzərinə səpin. İkinci korju da yerləşdirib kremləyib qoz ləpəsi səpin. Hazırladığınız kalla pirojnalarını tortun üzərinə buket formasında düzün. Kalla güllərinin üzərinə şəkər kirşanı səpin. Hazır tortu dinləndirdikdən sonra süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Ən dadlı tort reseptləri -Ən Dadlı Kulinariya Saytında!
Servings: 1 yield(s)