Tox Tutan və Faydalı Düyü Şorbası

Karbohidrat və kalsium dəyəri yüksək olan bu şorba qrip və soyuqdəymə kimi xəstəliklərin müalicəsində istifadə olunur. Qidalandırıcı olmaqla yanaşı, uzun müddət toxluq hissi verir. Zəngin qida dəyəri ilə bədənin ehtiyac duyduğu enerji miqdarını da qarşılayır. Evdar.az faydalı və dadlı düyü şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 2 stəkan düyü
  • 1 ədəd toyuq filesi
  • 1 ədəd yerkökü
  • 2 ədəd pomidor
  • 2 ədəd bolqar bibəri
  • 1 ədəd soğan
  • 4 xörək qaşığı konservləşdirilmiş qarğıdalı dənəsi
  • 100 qr kərə yağı
  • nanə qurusu, pul bibər, duz, istiot, sarıkök

Hazırlanma qaydası:

İlk öncə toyuq filesini suda bişməyə qoyun. Daha sonra düyünü yuyub suda saxlayın. Tavada kərə yağını əridin və kiçik kub formasında doğranmış soğanı yağda qovurun. Rəndələnmiş yerkökünü, kiçik uzunsov doğranmış bibər və kiçik kub formasında doğranmış pomidoru da əlavə edib qovurmağa davam edin. Bişən toyuğu sudan çıxarıb didin və yenidən bulyona əlavə edin. Suda saxladığınız düyünü suyuyla birlikdə qazanda qaynayan ətli bulyona tökün. Tavada qovrulan tərəvəzlərin üzərinə konsevləşdirilmiş qarğıdalı dənəsi, duz, istiot, sarıkök, pul bibər və nanə qurusu əlavə edib qarışdırın. Qovrulmuş tərəvəzləri də şorbaya əlavə edib 1-2 dəqiqə qaynadın. Ocaqdan götürüb isti halda süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)