Toyuq Filesindən Basdırma

Mağazada satılan kolbasa məhsullarını yeməyənlər çörək arası üçün dadlı qəlyanaltı hazırlaya bilər. Evdar.az kolbasanı əvəz edəcək toyuq filesindən hazırlanan basdırmanın reseptini təqdim edir. Qeyd edək ki, toyuq filesini yeməyənlər hinduşka filesindən istifadə edə bilər.
Tərkibi:
  • 2 ədəd toyuq döş əti (sümüksüz, dərisiz)
  • 1 stəkan su
  • 2 çay qaşığı duz
  • 1,5 xörək qaşığı bitki yağı
  • 1 çay qaşığı bal
  • 1,5 xörək qaşığı pul bibər
  • 0,25 çay qaşığı muskat qozu (rəndələnmiş)
  • 3 diş sarımsaq
Hazırlanma qaydası: İlk öncə 1 stəkan suyun içərisində 2 çay qaşığı duzu qarışdırın. Toyuq filesini yaxşıca yuyun və bir dərin qaba yerləşdirin. Üzərinə hazırladığınız duzlu suyu (üstünü örtəcək qədər)  töküb ən az 3 saatlıq sərin yerdə saxlayın. Və ya gecədən duzlu suda saxlaya bilərsiniz. Sudan çıxardığınız fileni durulayın. Mətbəx sapıyla filenin formasını itirməmək üçün bağlayın. Bir qabda bitki yağı, rəndələnmiş və ya əzilmiş sarımsaq, duz, pul bibər, bal və muskat qozu rəndəsini töküb qarışdırın. Hazırladığınız sousu filenin hər tərəfinə yaxın. Yağlanmış soba sinisinə (yağlı kağız sərilmiş və yaxudda folqa kağızı sərilmiş ) fileni yerləşdirin.  Əvvəlcədən 250 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Bişən basdırmanı sobanı qapağını açmadan sobada soyudun. Sobadan çıxartdığınız basdırmanın iplərini kəsin və dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)