Türk Mətbəxinin Qiyməli Bafra Pidesi

Türkiyənin məşhur qiyməli Bafra pidesini ev şəraitində bişirib dadından zövq ala bilərsiniz. Daş sobada bişilən Bafra pidesi adətən böyük porsiyalarda hazırlanır və dilimlənmiş şəkildə süfrəyə verilir. Evdar.az ev şəraitində sobada bişən ləziz Bafra pidesinin reseptini təqdim edir.

Türk Mətbəxinin Qiyməli Bafra Pidesi

Xəmiri üçün:

  • 2,5 stəkan un
  • 1 çay qaşığı duz
  • 1 stəkan su
  • 1 çay qaşığı maya
  • çimdik şəkər tozu
İçlik üçün:
  • 400-500 qr orta yağlılıqda qiymə
  • 1 ədəd böyük soğan
  • duz, istiot
Üzərinə çəkmək üçün kərə yağı

Qiyməli Bafra Pidesinin hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün dərin bir qabda un, duz, maya, şəkər tozu və ilıq su əlavə edib mikserin xəmir yoğuran başlığı ilə və ya əllə yumşaq, ələ yapışmayan xəmir yoğurun.  Xəmirin üzərini örtüb 1 saat isti yerdə mayalandırın. İçliyi hazırlamaq üçün tavada qiyməni qovurun. Suyu buxarlanan qiymənin üzərinə xırda doğranmış soğan əlavə edib ocaqdan götürün. (bu pidenin özəlliyi soğanın diri qalmasıdır). Zövqə görə duz istiot əlavə edib qarışdırın. Mayalanan xəmirdən 6-8 ədəd kündələr hazırlayın. Bir kündəni oxlovla uzunsov şəkildə yayın və içlikdən uzunsov formada yerləşdirin (xəmirin kənarları ətrafında boşluq qoyun). Daha sonra xəmirin kənarlarını bir-birinə yaxınlaşdırın və möhkəm bağlanması üçün bir-birinə sıxın. Bu qaydayla kündələri içliklə doldurub pidelər hazırlayın. Pideləri aralıqlarla yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 230 dərəcə qızdırılmış sobada 12-15 dəqiqə bişirin. Çox ötürməyin, yoxsa quruyacaq! İsti halda pidelərin üzərinə kərə yağı çəkib dilimləyib süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)