Zəngin Şokolad Dadı ilə “Şokoladlı Napoleon Tortu”

Şokoladın dadı ilə klassik Napoleon tortunun mükəmməl birləşməsi. Evdar.az zəngin şokolad dadı ilə Şokoladlı Napoleon tortunun reseptini təqdim edir.

Zəngin Şokolad Dadı ilə "Şokoladlı Napoleon Tortu"

Tortun tərkibi:

Korjları üçün:

  • 370 qr un
  • 22 qr tünd kakao
  • 0,5 çay qaşığı duz
  • 250 qr 82%-lik soyuq kərə yağı
  • 1 ədəd yumurta (50 qr)
  • 120 ml soyuq su
  • 10 qr 9%-lik sirkə

Kremi üçün:

  • 525 ml süd
  • 150 ml 30-33 %-lik qaymaq
  • 90 qr yumurta sarısı
  • 38 qr nişasta
  • 135 qr şəkər tozu
  • 180 qr 70%-lik tünd şokolad
  • 100 qr təbii fındıq pastası və ya şokolad yağı
  • 150 qr 82%-lik kərə yağı

Tortun hazırlanma qaydası:

Korjları hazırlamaq üçün xəmiri hazırlayacağınız qaba ələnmiş un, kakao və duzu töküb qarışdırın. Üzərinə sürtgəcdən keçirilmiş soyuq kərə yağını əlavə edib ovuntu halına gətirənə qədər qarışdırın. Başqa bir qabda yumurta, su və sirkəni qarışdırın. Yumurtalı qarışığı unlu qarışığa əlavə edib yumşaq bir xəmir halına gələnə qədər yoğurun. Xəmir çox yapışqan olarsa 10-15 qr un əlavə edə bilərsiniz. Yoğurduğunuz xəmiri kündə halına gətirib üzərini streç salafanla örtün və 1 saatlıq soyuducuya yerləşdirin. Saatın tamamında soyuducudan çıxartdığınız xəmiri 8 hissəyə bölün və kündələr hazırlayın. Kündənin birini yağlı kağızın arasında 18 x 18 ölçüdə yayın. Yağlı kağızla birlikdə soba sinisinə yerləşdirin. Əvvəlcədən 200-210 dərəcə qızdırılmış sobada 6-8 dəqiqə bişirin. Bu qaydayla qalan 7 kündəni də yayıb bişirin. Korjların kənarını isti halda kəsib ayırın. Kənarından ayırdığınız hissələri üzərinə səpmək üçün ovuntu halına gətirin. Kremi hazırlamaq üçün kiçik bir qazanda yumurta sarısı, şəkər tozu, nişasta, süd və qaymağı yaxşıca qarışdırın. Qazanı ocağa qoyub qatılaşana qədər qarışdıraraq bişirin. Ocaqdan götürüb üzərinə şokolad parçalarını əlavə edib eyni kütləli olana qədər qarışdırın. Şokolad yağını da əlavə edib qarışdırın. Otaq temperaturunda olan kərə yağını mikserlə yaxşıca çırpın. Krem 35-40 dərəcəyə qədər soyuduqda qaşıq-qaşıq  yağa əlavə edib çırpmağa davam edin. Korjları kremləyərək üst-üstə düzün. Hər qata təxminən 150 qr krem yaxın. Qalan kremi isə üzərinə və kənarlarına yaxın. Kənara ayırdığınız ovuntuyla bəzəyib tortu 6-8 saat və ya 1 gecə soyuducuda saxlayın. Ertəsi gün dilimləyib süfrəyə verə bilərsiniz. Ən dadlı tort reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
Servings: 1 yield(s)