Bayram Süfrəsi Üçün “Yeni İl Çələngi” Salatı

Yeni il süfrəsi üçün görünüşüylə bayram atmosferi yaradacaq ləziz salat hazırlaya bilərsiniz. Evdar.az bayram süfrəsi üçün "Yeni il çələngi" salatının reseptini təqdim edir.

"Yeni il çələngi" Salatının tərkibi:

  • 250 qr kartof
  • 150 qr yerkökü
  • 3 ədəd yumurta
  • 150 qr qoz ləpəsi
  • 200 qr pendir
  • 250 qr toyuq filesi
  • 1 dəstə şüyüd
  • 2-3 ədəd çerri pomidor
  • üzəri üçün nar dənəsi

 "Yeni il çələngi" Salatının hazırlanma qaydası:

İlk öncə kartof, yerkökü və yumurtanı suda bişirin. Bişən tərəvəzlərin qabığını soyub sürtgəcdən keçirin. Toyuq filesini də az duzlu suda bişirin doğrayın. Pendiri də sürtgəcdən keçirin. Qoz ləpəsini də bıçaqla xırdalayın. Üzük şəklində - çələng şəklində bir salat yaratmaq üçün ilk növbədə düz bir qabın orta hissəsinə bir stəkan yerləşdirin və onun ətrafına qatlarla hazırladıqlarınızı düzün. Birinci qat kartof düzüb mayonez yaxın. İkinci qat toyuq filesini yayıb mayonez yaxın. Xırdalanmış qoz ləpəsini də toyuğun üzərinə bərabər şəkildə yayın. Daha sonra sürtgəcdən keçirilmiş pendiri də səpin. Bir qaşıq ilə alt təbəqələrə bir dairə halına gətirərək basın. Sürtgəcdən keçirilmiş yerkökünü yayıb mayonez yaxın. Ən son qat sürtgəcdən keçirilmiş yumurtanı da səpib çələng şəklini saxlaması üçün dairəni qaşıqla basın. Salatın orta hissəsində olan stəkanı ehtiyyatla çıxarın. Salatın xaricdən və içəri hissəsindən nazik bir mayonez qatı ilə mayonezləyin. İlk öncə xırda doğranmış şüyüd səpin.  Salatı qalan şüyüd budaqları, çerri pomidorları, nar dənələri və pendirlə kəsilmiş qar dənəcikləri ilə bəzəyin.
Servings: 1 yield(s)