Qədim Azərbaycan Şirniyyatı: Qovut (Buğda Halvası)

Qovut - qovrulmuş buğda unundan hazırlanan Azərbaycan mətbəxinin qədim şirniyyatlarından biridir. Çayla birlikdə süfrəyə verilən qovut  həm Novruz şirniyyatıdır, eyni zamanda bayram xonçasına düzülüb nişanlı qızlara aparılır. Evdar.az qədim Azərbaycan şirniyyatı qovutun reseptini təqdim edir.

Qədim Azərbaycan Şirniyyatı Qovutun tərkibi:

  • 300 qr buğda
  • 100 qr qoz ləpəsi
  • zəfəran
  • duz
  • üzəri üçün qoz ləpəsi

Şərbəti üçün:

  • 1 stəkan şəkər tozu
  • 1 stəkandan bir az aşağı su
  • 1 xörək qaşığı bal

Qədim Azərbaycan Şirniyyatı Qovutun hazırlanma qaydası:

Buğdanı yuyub 2-3 saatlıq suda isladın. Daha sonra suyunu süzüb mətbəx dəsmalının üzərinə sərib 1 gün qurumasını gözləyin. Quruyan buğdanı orta odda tavada qovurun. Qoz ləpəsini də yüngülcə qovurun. Qovrulmuş buğdanı qəhvəüyüdənlə və ya əl dəyirmanıyla (kirkirə) üyüdün. Qoz ləpəsini isə bıçaqla xırda doğrayın. Dərin bir qaba üyüdülmüş buğda və xırdalanmış qoz ləpəsini töküb qarışdırın. Şərbəti hazırlamaq üçün şəkər tozu və suyu qazana töküb ocaqda qaynadın. Şərbətə zəfəran əlavə edib ocaqdan götürün. Şərbətə bal da əlavə edib qarışdırın. İsti şərbəti buğda və qoz qarışığının üzərinə əlavə edib yaxşıca qarışdırın. Əlinizlə (ovucunuzda sıxaraq bərkidin)  və ya müxtəlif qəliblərlə forma verib üzərinə qoz ləpəsi düzüb süfrəyə verin.

Əlavə qeyd:

  • Zövqə görə qovuta darçın tozu və üyüdülmüş keşniş toxumu əlavə edə bilərsiniz.
  • Su əvəzinə süd, şəkər tozu əvəzinə isə doşab (bəkməz) istifadə edə bilərsiniz
Nuş Olsun!
Servings: 1 yield(s)