Qan Azlığı Olanlar Üçün “Hemoqlobin” Salatı

Hemoqlobin - qırmızı qan hüceyrələrində olan dəmirlə zəngin bir proteindir. Bununla belə, onun əsas vəzifəsi bütün bədənə oksigeni daşımaqdır. Aşağı hemoglobin səviyyəsi anemiyaya (qan azlığına)  səbəb olur. Yanlış qidalanma vərdişləri, qida maddələrinin zəif mənimsənilməsi kimi faktorlar hemoglobin istehsalına təsir edir. Hətta hamiləlik zamanı, qan itkisi və bəzi dərmanların istifadəsində hemoglobin səviyyəsi orqanizm üçün qeyri-kafi ola bilər. Hemoqlobin çatışmazlığı adətən yorğunluq, tənəffüs problemləri, başgicəllənmə, baş ağrısı və sinə ağrısı kimi simptomlarla nəticələnir. Hemoqlobin səviyyəsini artırmaq üçün çox faydalı salat hazırlaya bilərsiniz. Evdar.az hemoqlobini artıran ləziz salatın reseptini təqdim edir.

Qan Azlığı Olanlar Üçün "Hemoqlobin" Salatının tərkibi:

  • 400 qr qaraciyər (toyuq və ya dana)
  • 2-3 ədəd (350 qr) çuğundur
  • 150 qr koreyasayağı yerkökü
  • 50 qr qoz ləpəsi
  • 3 diş sarımsaq
  • göyərti
  • duz
  • günəbaxan və ya zeytun yağı

Qan Azlığı Olanlar Üçün "Hemoqlobin" Salatının hazırlanma qaydası:

İlk öncə qaraciyəri bişirib doğrayın. Çuğunduru da suda bişirib sürtgəcin iri gözündən keçirin. Dərin bir qaba doğranmış  qaraciyəri, sürtgəcdən keçirilmiş çuğunduru, koreyasayağı yerkökünü, sarımsaqəzəndən keçirilmiş sarımsağı, xırda doğranmış qoz ləpəsini, zövqə görə duz, xırda doğranmış göyərti və yağı əlavə edib qarışdırın. Salat hazırdır! Koreyasayağı yerkökünün reseptini bu məqalədən oxuyun. 
Nuş Olsun!
Servings: 1 yield(s)