Kartoflu Rulet Salatının tərkibi:
- 6 ədəd kartof
- 1 çay qaşığı duz
- 2 stəkan qatıq
- 2 diş sarımsaq
- 2 xörək qaşığı mayonez
- 1 çay qaşığı duz
- 2 stəkan konservləşdirilmiş qarnir (qaynadılmış kartof, yerkökü və yaşıl noxud)
- 1 stəkan xiyar turşusu
- 1 stəkan qaynadılmış qarğıdalı dənəsi
- 1/2 dəstə şüyüd
Kartoflu Rulet Salatının hazırlanma qaydası:
Kartofları suda qaynadıb qabığını soyun. Soyuyan kartofları sürtgəcin xırda gözündən keçirin. Rəndələnmiş kartofların üzərinə duz əlavə edib qarışdırın. Dəzgahın üzərinə streç salafan sərib, üzərinə kartof püresini yayın və kənarlarını düzbucaqlı formada səliqəyə salın.
Başqa bir qabda qatıq, sarımsaqəzəndən keçirilmiş sarımsaq, mayonez və duz əlavə edib qarışdırın. Kartof püresinin üzərinə qatığı bərabər şəkildə yayın. Daha sonra konservləşdirilmiş qarniri (qaynadılmış və kub formasında doğranmış kartof, yerkökü və bişmiş yaşıl noxud) qatığın üzərindən hərtərəfli yayın. Üzərinə doğranmış xiyar turşusu və qaynadılmış qarğıdalı dənəsi səpin. Doğranmış şüyüdü də əlavə edib streç salafın köməyi ilə rulet forması verərək bükün. Kartoflu rulet salatını ən az 1 saat soyuducuda saxladıqdan sonra dilimləyib süfrəyə verin.
“Aypara” Peçenyesinin tərkibi:
Xəmiri üçün:
- 100 qr kərə yağı
- 200 qr un
- 20 qr şəkər tozu
- 50 ml soyuq su
İçlik üçün:
- 200 qr qoz ləpəsi
- 100 qr xurma
- yarım çay qaşığı darçın tozu
“Aypara” Peçenyesinin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün dərin bir qabda un və şəkər tozunu qarışdırın. Üzərinə yumşaldılmış kərə yağı əlavə edib əllə umac halına gələnə qədər ovun. Soyuq suyu da əlavə edib xəmir yoğurun. Xəmiri streç salafana büküb 30 dəqiqəlik soyuducuya yerləşdirin.
İçliyi hazırlamaq üçün xurmanın tumunu çıxarıb kasaya qoyun və üzərinə qaynar su töküb 10 dəqiqə kənarda gözlədin. Daha sonra suyunu süzüb kağız salfetin arasında qurulayın. Blenderin qabına yumşaltdığınız xurma, qoz ləpəsi və darçın tozu əlavə edib yaxşıca xırdalayın.
Xəmiri soyuducudan götürüb 20-24 ədəd bərabər hissələrə bölün. Kündələri oxlovla nazik dairələr formasında yayın. Yaydığınız kündənin kənar hissəsinə içlikdən qoyub rulet formasında bükün. Daha sonra kənarlarını bükərək aypara şəkli verin. Bu qaydayla içliyi qalan kündələrə bölüşdürüb bükün. Yağlı kağız sərilmiş soba sinisinə peçenyeləri düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə yüngül qızarana qədər bişirin. Hazır peçenyelərin üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.
Məkkəgülü Şərbətinin tərkibi:
- 2 xörək qaşığı məkkəgülü( hibiskus)
- 1 xörək qaşığı mixək
- 1 ədəd darçın çubuğu
- 2-3 dilim limon
- 4 xörək qaşığı şəkər tozu
- 1 litr su
Məkkəgülü Şərbətinin hazırlanma qaydası:
Dərin bir qazana hibiskus, darçın çubuğu, mixək dənələri, limon dilimləri, şəkər tozu (zövqə görə artırıb azalda bilərsiniz) və 1 litr su əlavə edib ocağa qoyun. 6-7 dəqiqə rəngi çıxana qədər qaynadın. Ocaqdan götürüb süzün. Soyuq və ya isti halda içə bilərsiniz.
Ramazanın altıncı günü –
6 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları:
İmsaq (orucun başlanğıcı): 05:41
İftar (orucun açılması): 18:52
Günün duası
اللهم لا تخذلني فيه لتعرُّضِ معصيتك، ولا تضربني بسياط نقمتك، وزحزحني فيه من موجبات سخطك، بمنِّك وإحسانك يا منتهى رغبة الراغبين
Tərcümə:
"Allahım! Bu gündə məni Sənin günahına düşməkdən qoruyaraq zəlil etmə, məni qəzəbinlə cəzalandırma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır. Ey bütün istəyənlərin ən böyük istəyi, Öz mərhəmətin və ehsanınla!"