Şuşa Mətbəxinin Ləziz Qiyməli Plovu

Olduqca zəngin Şuşa mətbəxinin təamlarının dadı bütün dünyaya səs salıb. "Qırto","Canına çəkmə", "Qalya", "Çolpalı plov" Şuşa mətbəxinin ən məşhur yeməklərindəndir. Bu məşhur və ləziz yeməklərdən biri də Şuşanın  qiyməli plovudur. Evdar.az qiyməli plovun reseptini təqdim edir.

Şuşa Mətbəxinin Ləziz Qiyməli Plovun tərkibi:

  • 500 qr yağlı qiymə
  • 2 ədəd soğan
  • 4 stəkan düyü
  • 150 qr kərə yağı
  • 1 çay stəkanı üzüm qurusu
  • 1 çay stəkanından az albalı və ya zoğal axtası
  • duz, istiot, sarıkök, darçın

Qazmaq üçün:

  • 1 ədəd yumurta
  • 50 qr kərə yağı
  • 1 xörək qaşığı xama və ya qatıq
  • duz, sarıkök
  • apardığı qədər un

Şuşa Mətbəxinin Ləziz Qiyməli Plovun hazırlanma qaydası:

İlk öncə soğanı xırda doğrayın. Tavada kərə yağını əridib soğanı yağda qovurun. Qovrulan soğana üzüm qurusu və albalı qurusu əlavə edib qarışdırın. Soğan qarışığını tavadan götürüb boşqaba tökün. Həmin tavada qiyməni qovurun. Suyu çəkilib qovrulan qiyməyə duz, istiot, sarıkök və darçın əlavə edib qarışdırın. Daha sonra soğanlı qarışığı da ətə əlavə edin. Adi qaydada düyünü əvvəlcədən suda isladın və qaynayan duzlu suda bişirib süzün. Qazmağı hazırlamaq üçün bir qabda yumurta, otaq temperaturunda yumşaldlmış kərə yağı, xama və ya qatıq, duz, sarıkök və apardığı un əlavə edib xəmir yoğurun. Xəmiri oxlovla yayın. Plovu dəmləyəcəyiniz qazana yağ əlavə edib küncüt səpin. Yaydığınız xəmiri qazanın dibinə sərin. Daha sonra bir az düyü və qiyməni qat-qat düzüb yayın. Sarıkök və kərə yağı da töküb 40-45 dəqiqə dəmə qoyun.
Nuş Olsun!
Servings: 1 yield(s)