Xəmir Yaymadan Hazırlanan Düşbərə
Düşbərə soyuq havaların ən sevimli yeməklərindən biridir. Bir qaşığa 40 ədəd sığışdırılan düşbərənin xəmirini yoğurmaq, yayıb hər birini içliklə doldurub bükmək zəhmətli və vaxt aparan işdir. Asan olmadığı üçün bir çoxumuz evdə düşbərə hazırlamaqdan çəkinir. Bu reseptlə isə xəmir yaymadan, yorulmadan çox asan düşbərə bişirə bilərsiniz. Evdar.az xəmir yaymadan hazırlanan ləziz düşbərənin reseptini təqdim edir.
Xəmir Yaymadan Hazırlanan Ləziz Düşbərə
Düşbərənin tərkibi:
- 600 qr qiymə
- 1-2 ədəd soğan
- duz, istiot
- un
- 2 ədəd yumurta
- sarıkök
- nanə qurusu
Düşbərənin hazırlanma qaydası:
Bir qabda qiymənin üzərinə xırda doğranmış soğan, duz, istiot və nanə qurusu əlavə edib yaxşıca qarışdırın. Bu qarışıqdan noxud boyda küftəciklər yuvarlayın. Başqa bir qabda 2 ədəd yumurtanı çəngəllə yaxşıca çırpın. Küftəcikləri ilk öncə una hərtərəfli bulayıb artıq unu süzgəcdən süzün. Una batırılmış küftəcikləri çırpılmış yumurtaya bulayıb yenidən una batırın. Qazanda su qaynadın. Qaynayan suya duz əlavə edib qarışdırın. Unlu küftəcikləri qaynayan duzlu suya töküb bişirin. Suya istiot, sarıkök və nanə qurusu əlavə edib düşbərələr bişdikdə ocağın altını söndürün. Hazır düşbərəni ləziz turşularla süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Ən dadlı ş0rba reseptləri Ən Dadlı Kulinariya Saytında!