Lənkəran Mətbəxinin Unudulmuş Yeməyi “Qiyməqatıq”

Lənkəran mətbəxi zəngin və müxtəlifdir. Bu bölgənin mətbəxinə məxsus Murqutuş,Tərə qovurması,Qəndi Külçə (Partlama),Badımcan ləvəngisi, Ləvəngi plov, Çölmə kabab, Qozlu kükü, Balıq sırdağı  həm ölkə daxilində, həm də dünyada tanınan ən ləziz təamlardandır. Lənkəran mətbəxinin unudulmaqda olan yeməklərindən biri də "qiyməqatıq" dır. Qiyməqatıq həm tikə ət, həm də qiyməylə bişirilir. Evdar.az Lənkəran mətbəxinin ləziz "qiyməqatıq" yeməyinin reseptini təqdim edir.

"Qiyməqatıq" yeməyinin tərkibi:

  • 500-600 qr yağlı qoyun əti və yağlı mal əti
  • 200 qr soğan
  • 100 qr üzüm qurusu
  • 150-200 qr kərə yağı
  • 2 çay qaşığı şəkər tozu
  • 1 çay qaşığı sarıkök
  • ət suyu( bulyon)
  • abqora və ya limon suyu
  • duz, istiot
  • qızartmaq üçün 800 qr soğan

"Qiyməqatıq" yeməyinin hazırlanma qaydası:

İlk öncə 500-600 qr yağlı əti (əgər ət yağlı deyilsə, quyruq yağından da istifadə edə bilərsiniz) ətçəkən maşından keçirib qiymə halına gətirin. Ətə 200 qr çəkilmiş soğan, zövqə görə duz, istiota əlavə edib qarışdırın. Əllərinizi yağlayıb qiymədən kiçik küftələr hazırlayın. 800 qr soğanı yarım halqa formasında doğrayın. Tavada kərə yağını əridib soğanları yağda qovurun. Üzərinə sarıkök, şəkər tozu və  zövqə görə duz, istiot əlavə edib qarışdırın. Qızaran soğana ət suyu, abqora və ya limon suyu tökün. Hazırladığınız küftələri tavaya düzüb 20-25 dəqiqə bişirin. Üzərinə üzüm qurusu və ərinmiş yağ əlavə edib vam odda 30-35 dəqiqə bişirin. Qiyməqatıq yeməyini süfrəyə plovla birlikdə təqdim edə bilərsiniz. Əlavə qeyd:
  • Qiyməqatıq yeməyinə bişmiş tikə ət də əlavə edə bilərsiniz.
  • Qiyməyə quzu əti və ya mal əti istifadə edə bilərsiniz.
  • Qiyməyə zövqə görə çay qaşığının ucunda darçın tozu əlavə edin.
  • Küftələri hazırladıqda siniyə abqora və ya limon suyu əlavə edin ki, küftələr yapışmasın.
  • Küftələri əllərinizlə yuvarladıqda əlinizi duru yağla yağlayıb və ya abqorayla islada bilərsiniz.
  • Bişən soğana küftələri əlavə etdikdə əl vurmadan sinini əyərək, yüngül silkələyərək ətləri qazana tökün.
  • Hazırladığınız küftələri qazana əlavə etdikdə qarışdırmayın ki, dağılmasın.
  • Bu yemək həm tək küftələrlə, həm də ət tikəsi və küftələrlə birlikdə hazırlanır.
  • Qiyməqatıq yeməyini süfrəyə plovla birlikdə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)