Kəsmik protein və kalsium ilə zəngin olan faydalı bir turş süd məhsuludur. Tərkibinə daxil olan vitaminlər, makro və mikroelementlər qaraciyər xəstəliklərinin qarşısını alır və sümük toxumasının möhkəmlənməsinə kömək edir. Mağazalardan aldığınız kəsmiyin tərkibinə və hazırlanma qaydasına güvənmirsiniz? Elə isə özünüz ev şəraitində təbii kəsmik hazırlayın. Evdar.az təbii kəsmiyin reseptini təqdim edir.
Tərkibi:
- 2 litr 3,6 % yağlılığı süd
- 1 lirt 3,2 % yağlılığı kefir
- 200 ml 20 % yağlılığı xama
Hazırlanma qaydası:
Böyük bir qazana südü töküb qaynadın. Qaynayan südün üzərinə kefiri və xamanı töküb ocağı söndürün. Südü qarışdırıb qazanın qapağını örtüb 15-20 dəqiqəlik kənarda saxlayın. Kütlə dərhal qarışacaq, suyu ayrılacaq. Süzgəcin üzərinə tənzif sərin və kəsmikli kütləni qaşıqla süzgəcə tökün. Tənzifi bağlayıb su kranından və ya hündür bir yerdən asa bilərsiniz, suyu süzülsün deyə. Zövqə görə süzgəcdə də saxlayıb üzərinə ağır bir əşya qoya bilərsiniz. 1-3 saatlıq süzüldükdən sonra süfəyə verə bilərsiniz. Əgər kəsmiyin çox quru olmağını istəmirsinizsə onda 1,5 saatlıq, üzərində ağırlıq olmadan saxlayıb istifadə edə bilərsiniz.
Nuş Olsun!