Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncənin özünəməxsus şirniyyat növlərindən biri də Zilviyədir. Eyni zamanda zilviyənin hazırlanması ərəb ölkələrində, İran və Hindistanda da geniş yayılmışdır. Bu şirniyyat ərəb ölkələrində zlabiyə, zilabiyə, İranda zulbiyə, Hindistanda isə həm də jaləbi adı ilə tanınır.
Keçmişdə Zilviyə Gəncə şəhərində Novruz bayramının əsas atributlarından biri hesab olunurdu. Zilviyəni əsasən Novruz bayramına bir neçə gün qalmış bişirər və bayram axşamı süfrəyə düzərdilər. Bayram axşamı süfrəyə qoyulan hər bir şirniyyat və çərəz özündə Novruzla əlaqədar müəyyən mənanı daşıdığı kimi, ən çox sarı və qırmızı rənglərdə bişirilən dairəvi formalı zilviyələr də martın 21-də gecə ilə gündüzün bərabərliyinə işarə imiş.
Özünəməxsus dadı, ətri və rəngbərəng görünüşü ilə seçilən bu qədim şirniyyat növünün hazırlanması uzun vaxt və böyük zəhmət tələb etdiyindən artıq unudulmaq üzrədir.
Evdar.az Gəncənin özünəməxsus bir şirniyyat növü olan Zilviyənin reseptini təqdim edir.
Zilviyənin tərkibi:
- 3 stəkan un
- 10 qr maya
- 1 stəkan qatıq
- 2 xörək qaşığı nişasta
- 3 ədəd yumurta
- 1,5 stəkan şəkər tozu
- 1,5 stəkan su
- 1,5 stəkan bitki yağı
Zilviyənin hazırlanma qaydası:
İlk öncə 1 stəkan una 10 qr maya və ilıq su töküb 10 dəqiqə saxlayın. Bir qabda unu, yumurta ağı, qatıq, nişasta və mayanı töküb xəmir yoğurun. Xəmiri 3-4 saatlıq acımağa (acıxəmrə olması üçün) qoyun. Daha sonra 1 stəkan qatığa 2 xörək qaşığı nişasta əlavə edib qarışdırın. 3 yumurtanın ağını köpüklənənə qədər çırpın və üzərinə qatıq-nişasta qarışığını əlavə edin. Bu qarışığa isə acıxəmrə (3-4 saatlıq acıtdığınız xəmiri) əlavə edin, 2 stəkan da un töküb duru xəmir yoğurun. Xəmirı 25-30 dəqiqə kənarda saxlayın. Bu müddətdə şəkər şərbəti bişirin. Bunun üçün 1,5 stəkan şəkərin üzərinə 1,5 stəkan su töküb qaynayana qədər isidib kəfini yığın. Şərbəti iki hissəsəyə ayırıb bir hissəsinə qırmızı qida boyası,digər hissəsinə sarı qida boyası töküb qarışdırn.1,5 stəkan bitki yağını dərin tavada isidin. Duru xəmiri qıf və ya asan olsun deyə çaynikə töküb çaynikin lüləyi vasitəsi ilə dairəvi təkər formasında töküb qızardın. Açıq qəhvəyi rəng aldıqda zilviyəni yağdan çıxarıb dərhal qırmızı və ya sarı rəng qatılmış şəkər şərbətinə salın. 5 dəqiqədən sonra zilviyəni şərbətdən çıxarıb süzgəcə yığın. Süfrəyə isti və ya soyuq halda verilir.
Nuş olsun!