Zərif pendir içlikli yerkökü ruleti hər hansı bir bayram və ya özəl günlərdə süfrənin əvəzolunmaz atributudur. Bu rulet yalnız zərif dadıyla deyil, həm də parlaq narıncı rəngiylə də valeh edir. Evdar.az həm görünüşüylə, həm də dadıyla hər kəsin sevəcəyi zərif yerkökü ruletinin reseptini təqdim edir.
Görünüşü Və Dadıyla Hər Kəsin Qəlbinə Yol Tapan Yerkökü Ruletinin tərkibi:
- 500 qr yerkökü
- 3 ədəd yumurta
- zövqə görə şüyüd
- 30 qr kərə yağı
- 2 xörək qaşığı bitki yağı
İçlik üçün:
- 50 qr bərk pendir
- 2 qutu əridilmiş pendir ( “Drujba” və ya “Yantar” pendiri)
- 50 qr mayonez
- 100 qr yaşıl soğan
- duz, istiot zövqə görə
Görünüşü Və Dadıyla Hər Kəsin Qəlbinə Yol Tapan Yerkökü Ruletinin hazırlanma qaydası:
İlk öncə yerköküləri təmizləyin və rəndənin xırda gözündən keçirin. Bir tavada kərə yağını və bitki yağını isidin. Üzərinə rəndələnmiş yerkökünü töküb qapağını örtün. Yerkökü yumşalanadək azca bişirin. Daha sonra bişmiş yerkökünü süzgəcə tökün (artıq yağı süzməsi üçün). Şüyüdü xırda doğrayın. Bir qabda yerkökü, yumurta sarısı, duz, istiot və xırda doğranmış şüyüdü töküb qarışdırın.
Yumurta ağlarını çimdik duzla mikserlə yaxşıca çırpın. Yerkökü kütləsinə çırpılmış yumurta ağını əlavə edib ehtiyyatla qarışdırın. Soba sinisinə yağlı kağız sərin. Hazırladığınız yerkökü kütləsini yağlı kağızın üzərinə töküb qaşıqla yayıb hamarlaşdırın. Yaydığınız kütlə 0,5-0.7 sm qalınlığında olmalıdır, yoxsa ruleti çevirdikdə qırılacaq. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
İçliyi hazırlamaq üçün əridilmiş pendiri əvvəlcədən 30 dəqiqəlik soyuducuya yerləşdirin (yaxşı rəndələnməsi üçün). Soyuducudan götürdüyünüz əridilmiş pendiri və bərk pendiri rəndənin iri gözündən keçirin. Yaşıl soğanı xırda doğrayın. Bir qabda rəndələnmiş pendirlərin üzərinə doğranmış göy soğan, duz, istiot və mayonez töküb yaxşıca qarışdırın. Mayonezin qədərini özünüz müəyyənləşdirə bilərsiniz, əsas içlik quru olmamalıdır.
Bişən biskviti sobadan götürüb sinidə 5 dəqiqə saxlayın. Daha sonra biskviti çevirib ehtiyyatla yağlı kağızı çıxarın. Dəzgahın üzərinə streç salafan sərib biskviti üzərinə qoyun. Pendirli içliyi biskvitin üzərinə yayıb rulet formasında bükün. Streç salafana ruleti büküb bir neçə saatlıq soyuducuya yerləşdirin. Bir gecə də saxlaya bilərsiniz. Hazır ruleti dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!