Kal Əncir Mürəbbəsi

kal-əncir-mürəbbəsi.
Yields: 1 Serving

Əncir ağacından yetişməmiş əncirləri yığaraq ləzzətli mürəbbə hazırlaya bilərsiniz. Evdar.az kal əncir mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

Kal Əncir Mürəbbəsinin tərkibi:

  • 1 kq yaşıl kal əncir
  • 1.5 kq şəkər tozu (zövqə görə bir az daha az qoya bilərsiniz)
  • 1.5 l su
  • 1 ədəd çubuq darçın
  • 10 dənə mixək
  • yarım limonun suyu
  • soyuq buzlu su
  • 5 litr su
  • 2 stəkan söndürülməmiş əhəng

Kal Əncir Mürəbbəsinin hazırlanma qaydası:

İlk öncə kal yığılmış əncirləri  bol suda yaxşıca yuyun. Daha sonra sərt olan saplaq hissəsini bıçaqla kəsin. Ənicləri nazik bir çöplə deşin. Çöp şişi bir tərəfindən batırıb digər tərəfindən çıxarın. Bu proses əncirlərin acılığının çıxması üçündür. Daha sonra əncirləri suyla dolu dərin qazana töküb qaynadın. Qaynayan zaman üzərinə bir ağırlıq yerləşdirin (bir qazan qapağı və ya boşqab kimi ağır). Hamısı bərabər şəkildə qaynayıb acılığı çıxsın deyə. Bu vaxt ərzində buzlu su hazır edin. Qaynayıb acısı çıxan əncirlərin suyunu boşaldıb buzlu soyuq suyun içərisinə tökün. Buzlu soyuq suda 10 dəqiqə saxladıqdan sonra suyunu dəyişin və yeni suda bir gecə gözlədin.

Eyni zamanda əhəng suyunu da hazırlayın. Böyük bir qabda 2 stəkan əhəng və  5 litr su töküb qarışdırın. Ən azı 5 saat belə saxlayın. Vaxt bitdikdə suyu bulandırmadan əhəngli suyun üstündən götürüb əncirlərin üzərinə tökün. Əncirləri 12 saat əhəngli suda saxlayın. Əhəngli sudan çıxardığınız əncirləri bol suda təxminən 5 dəfə yaxşıca yuyun. Daha sonra əncilrəri bir-bir əlinizlə sıxaraq suyunu çıxarın. Bu müddətdə əncirlərin forması dəyişib büzüləcək. Qorxmayın! Qaynayan şərbətin içərisinə atdıqda əvvəlki vəziyyətinə qayıdacaq.

Şərbəti üçün 1,5 litr suya 1,5 kq şəkər tozu töküb qaynadın. Şərbətin içərisinə çubuq darçın və dənə mixək töküb, əncirləri də əlavə edin. Təxminən 1 saat qaynadın. Mürəbbəni götürməmişdən əvvəl üzərinə yarım limonun suyunu sıxın. Kal əncir mürəbbəsinin məti duru olduğundan narahat olmayın (kənarda üstü açıq şəkildə 24 saat qaldıqda bərkiyəcək). Ocaqdan mürrəbəni götürüb soyuması üçün 1 gecə kənarda saxlayın. Daha sonra bankalara töküb soyuducuda saxlayın.

Qeyd: Əncir südü bəzi dərilərdə allergiyaya səbəb ola bilər. Buna görə əncirə toxunduqda əlcək geyinmək tövsiyə olunur.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir